Mirəli türbəsi

Mirəli türbəsiFüzuli rayonunun KürdlərAşağı Veysəlli kəndlərinin arasındakı orta əsrlərə aid nekropol yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Abidənin kimin xatirəsinə ithaf edilməsi, memarın və sifarişçinin kim olması, eyni zamanda dəqiq inşa tarixi haqqında heç bir məlumat yoxdur.[1] Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]

Mirəli türbəsi
Mirəli türbəsi 2022-ci ildə
Mirəli türbəsi 2022-ci ildə
Xəritə
39°41′50″ şm. e. 47°11′52″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Füzuli
Yerləşir Aşağı Veysəlli
Tikilmə tarixi XIII–XIV əsrlər
Vəziyyəti qəzalı
İstinad nöm.215
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir. Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir. Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır.

Mirəli türbəsi 1940-cı illərin əvvəllərində. İvan Şeblıkinin "Nizami dövrü Azərbaycan memarlıq abidələri" kitabında (1943) nəşr edilmiş ağ-qara foto.

Türbənin nə yeraltı, nə yerüstü hissəsində onun tarixi, memarı və ya kimə həsr olunduğunu bildirən hansısa kitabə yoxdur.[3] İvan Şeblıkin qeyd edir ki, "memarlıq forması, material seçimindəki həssaslıq, inşaatda istifadə edilmiş daşların cilalanma forma cə xarakteri və hörgü xüsusiyyətləri tikilinin ən geci XIII–XIV əsrlərdə inşa edildiyini deməyə əsas verir."[3]

Memarlıq xüsusiyyətlərinə görə türbə Cəbrayıl rayonunun Şıxlar kəndindəki Şıx Baba türbəsi ilə oxşarlıq təşkil edir.[3]

Abidəni tədqiq etmiş Şeblıkin Füzulinin Kürdlər kəndində yerli sakinlərin dilindən türbənin inşası ilə bağlı əfsanəni yazıya almışdır:

" Mil-Muğan düzündə məşhur bənna öz şagirdi ilə birlikdə Peyğəmbər türbəsinin inşası ilə məşğul olur. Bu zaman, bənnanın şagirdinə Veycəlli kəndi yaxınlığında tübə inşasını xahiş edirlər. O, müəlliminin razılığını almadan işi öhdəsinə götürür. Gün ərzində Peyğəmbər türbəsində işini bitirdikdən sonra, gənc bənna Mir Əli türbəsində işə başlayır və gecə boyu inşaat həyata keçirir; gündüzləri isə yenidən müəlliminin yanına qayıdaraq Peyğəmbər türbəsində tikintiyə kömək edir. Bir müddət sonra, nəhayət ki, Mir Əli türbəsinin inşası başa çatır. Yeni möhtəşəm günbəz haqqında xəbər bütün düzə yayılır və ustad bənnanın da qulağına çatır. Ustad yeni tikiliyə baxmaq üçün yola düşür. Məkana çatdıqda uzun müddət sakitcə dayanaraq gözəl əsəri müşahidə edir. İş xarakteri və üslubuna görə, eləcə də digər ayırıcı məqamları nəzərdən keçirən ustad abidənin memarının kim olduğunu başa düşür. Qara həsəd və qəzəb ustadın fikrinə və qəlbinə yol tapır və o, şagirdin əllərini kəsir.[4] "

Şeblıkin bildirir ki, bu əfsanə regionda geniş yayılmış və müxtəlif mənbələrdə əks olunmuş, fərqli dövrlərdə, fərqli nəqllərlə müxtəlif abidələrə aid edilmişdir.[5] Məsələn, Msxeta şəhərindəki Svetitsxoveli kafedralının inşa əfsanəsində də memarın əllərinin kəsilməsi əks olunur. Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında istedadlı memar Simnar inşa etdiyi binadan atılaraq öldürülür. Şəki xan sarayının memarı isə inşaatı bitirdikdən sonra gözlərindən edilir.[5]

Köhnə beşverstlik xəritələrdə abidə "Arğalı-gümbəz" adı ilə qeyd edilib.[6]

Türbə sıra dağların arasında yerləşən hündür zirvənin tam üstündə inşa edilib və sanki təpənin təbii davamına çevrilməklə uzaqdan rahatlıqla görünür. Xüsusilə gün batımı zamanı tündləşən dağların fonunda ağ daşlardan inşa edilmiş türbə sanki parıldayaraq diqqət cəlb edir. Günəşli günlərdə isə türbənin sərt silueti mavi səma fonunda şux rənglərə qərq olur.[6]

İvan Şeblıkinə görə, abidə "orijinal forması, xətlərinin sərtliyi, gözəl silueti, hissələrinin proporsionallığı və detallarının sərifliyi ilə ilk baxışdan diqqət cəlb edir". Türbənin inşa edildiyi təpənin enişində geniş qəbirsanlıq yerləşir.[7] Türbə və qəbirsanlığın yerləşdiyi təpə Füzulinin KürdlərAşağı Veysəlli kəndlərinin arasındadır.[7]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yerüstü hissə

[redaktə | mənbəni redaktə et]
Mirəli türbəsinin yerüstü hissəsinin Ə. Salamzadə tərəfindən çəkilmiş təməl planı

Mirəli türbəsi konusvari daş günbəzlə örtülmüş silindr formasına malikdir.[7] Silindrin səthi zamanla qızılı ton almış möhkəm daşla üzlənmişdir.[7] Üzlük daşlar yüksək səviyyədə daşyonma prosesi keçmişdir. Daşların bir-birinə uyğunlaşdırılmasına xüsusi diqqət yetirilmişdir və buna görə də onlar arasındakı birləşmə yerləri demək olar ki, görünmür.[7]

Türbə gövdəsinin perimetri 15 metr 75 sm ölçüyə, yerüstü hissənin divarlarının qalınlığı 80 sm-ə bərabərdir.[8] Türbənin gövdəsi üç qat hörgüdən ibarət daş təməl üzərində ucalır; binənin aşağı hörgü qatının türbə gövdəsinə münasibətdə qabağa çıxma ölçüsü 30 sm-ə bərabərdir. Binənin ümumi hündürlüyü isə 45 sm-dir.[7]

Türbə gövdəsi düzgün horizontal sıraya malikdir; daş sıralarının hüdürlükləri fərqlidir: 34, 38, 44, 41, 37 sm və sair. Yalnız bir hörgü sırası – qapı girişi ilə eyni hündürlüyə malik olan sırada daşların hündürlüyü 14 sm-dir. Ümumilikdə türbə gövdəsində karnizə kimi iyirmi iki hörgü sırası var.[7]

Silindrin həcmi yuxarı hissədə ümumi türbə göbdəsindən bir qədər irəli çıxan karnizlə tamamlanır. Karnizin üstündə günbəzin binəsi yerləşir; bununla belə binə xətti dərhal konusa keçid etməyərək karniz və konusvari günbəz arasında nazik xətt kimi davam edir ki, bu da uzaqdan baxıldığı zaman karnizin vurğulanmasını təmin edir. Bu cür zərif dizayn həlli, binanın sadə və lakonik formalarla ifadə edilmiş incə və təntənəli memarlığını diqqətə çatdırır.[9]

Türbənin yerüstü hissəsinin şimal tərəfində inşa edilmiş qapı yeri qeyri-adi ölçülərə malikdir: 55smx155 sm.[8] Giriş yeri yuxarı tərəfdən oxvari tağla tmamlanır; tağın yuxarı hissəsi bütöv daşdan yonulmaqla yaradılmışdır; bu hissə daxildən də eyni formaları təkrar edir. Giriş hissəsi, kifayət qədər mürəkkəb naxış sisteminə malik çərçivə ilə əhatə edilmişdir; bütün kompozisiyaya türbə həcmindən 30 sm irəli çıxan portal görünüşü verilmişdir.[8]

Portalın eni 175 sm, hündürlüyü 395 sm-dir.[8] Qapı astanası mövcud yer səthindən 115 sm hündürlükdə yerləşir.[8] Türbənin yerüstü hissəsinə giriş üçün heç bir pilləkən yoxdur və İ. P. Şeblıkin bildirir ki, əvvəl hansısa pilləkənin olmasına aid heç bir qeydə almamışdır.[8]

Türbənin cənub tərəfində, əsas ox üzrə giriş hissənin tam qarşısında, xaricdən dar olub, daxil getdikcə genişlənən mazqalvari pəncərə yeri vardır. Xaricdə onuncu hörgü sırasından başlayan pəncərə yeri, bütün on birinci sıranı əhatə edir. Daxildən pəncərə döşəmədən 297 sm hündürlükdən başlayır və iki hörgü sırasını əhatə edir. Pəncərəönü hissəsi, bu cür hündür pəncərələr üçün ənənəvi olan aşağı əyilmiş formaya malikdir ki, bu da, mümkün qədər çox işığın içəri ötürülməsinə hesablanmışdır.[8]

Türbənin xarici divarları, təxminən yetkin insan boyu hündürlüyünə qədər daşda yonulmuş müxtəlif at, keçi, dəvə fiqurları, nöqtə və xəttlərdən yaradılmış naxşlar, insan fiqurları, uşaq təsvirləri, lələklər və quşlar, eyni zamanda dairələrdən yaradılmış həndəsi naxışlarla örtülmüşdür.[8] İvan Şeblıkin hesab edir ki, bu təsvirlər qədim dini inanclarla əlaqəlidir.[8]

Türbənin günbəzinin inşasında da daşlardan istifadə edilmişdir; hörgü düzgün sıralarla aparılmışdır.[8] Daşların yonulması o qədər düzgün və dəqiq icra edilib ki, bu vaxta kimi tavandan su sızması halı baş vermir.[8] 1933-cü ilin müşahidəsinə əsasən tədqiqatçı İ. P. Şeblıkin qeyd edir ki, türbənin divarlarında və günbəzində bir dənə də olsun su sızması və ya nəmişlik izinə rast gəlinmir.[8]

Konusvari günbəzin yuxarı hissəsi dağıldığından onun necə tamamlanması dəqiq bəlli deyildir.[8] Sonradan SSRİ dövründə türbənin tamamlayıcı üst hissəsi konusu tamamlayan formada bərpa edilmişdir. Günbəzin inşasında istifadə edilmiş daşlar vaxt keçdikcə qanvari narıncı ton almış, bəzi hissələrdə mavimsil boz ton, bəzən isə ağımtıllıq qazanmışdır.[8]

Yeraltı hissə

[redaktə | mənbəni redaktə et]
Mirəli türbəsinin yeraltı kamerasının təməl planı

Mirəli türbəsinin yeraltı hissəsi daxildən 375 sm diametrə malik düzgün dairə formasındadır.[3] Yeraltı kameranın inşasında iri həcmli daşlardan istifadə olunmuşdur və həmin daşların yonulma keyfiyyəti türbənin yerüstü hissəsinin inşasında istifadə edilmiş daşlardan xeyli zəifdir. Hörgü düzgün horizontal xətlər üzrə aparılmışdır.[10] Divarın cənub tərəfində, pəncərə yerinin altında çətin görünən qabarıqlıq formasında çərçivə müşahidə edilməkdədir. Çərçivənin yuxarı hissəsi tağla tamamlanır. Çərçivənin içi zamanla yonulmuş və oxunmaz hala düşmüş qabarıq rəsmlərlə doludur. Pəncərə üstündəki ikinci hörgü sırasından başlayaraq, sıraların qismət qabağa əyilməsi sayəsində divar tağa keçid edir. Ortası qabarıq olan döşəmə, günbəzvari tavanın güzgü əksidir. Döşəmənin tam mərkəzində 50 sm diametrə malik oyuq vardır. Oyuğu əhatə edən daşlar hamısı parlaq qara rəngə malik olmaqla, yaxşı cilalanmışdır.[8]

Yeraltı kameranın girişi, türbənin giriş qapısının kənarında quyu şəklində təşkil edilmişdir; onun düzbucaqlı formaya malik yuxarı hissəsi 98x55 sm ölçüyə malikdir. Bu daralma, günbəzin yuxarı hissəsindəki iki daş pilləkən sayəsində baş vermişdir. Eyni zamanda aşağı aparan əlavə dörd pilləkən isə türbənin divarına inşa edilmişdir. Həmin pilləkənlərdən yalnız ikisi dövrümüzə qalmış, digər iki pilləkənin isə divardakı yuvası saxlanmışdır. Oyuğun yuxarı hissəsindən yeraltı kameranın döşəməsinə kimi olan hündürlük 3 metrə bərabərdi. Pilləkənlər hər biri fərqli hündürlüyə malikdir: 38, 35, 29, 30 və 29 sm.[8] Pilləkənlərin, yeraltı kameraya giriş oyuğunun və ətrafdakı hörgü daşlarının kənarları yüzillər boyunca abidəni ziyarət edən insanların ayaqları tərəfindən cilalanmışdır.[8]

Türbənin yeraltı hissəsi planda düzgün dördqollu xaç formasına (446x449 sm[3]) malikdir. Xaçın qollarının hər biri oxvari tağtavanla örtülmüşdür. Tağların yerdən yündürlüyü 186 sm-ə bərabərdir; döşəmə xətti boyunca tağ keçidi 225 sm-ə bərabərdir.[3] Xaçın mərkəzi hissəsi günbəzvari örtüyə malikdir.[10] Günbəzvari tavanın yerüstü hissəyə qalxan mərkəzi hissəsinin, yeraltı kameranın döşəməsindən hündürlüyü 327 sm-ə bərabərdir.[3] Divarlar, tağlar və günbəzin inşasında hamar cilalanmış iri daşlardan istifadə olunmuşdur. Daşların seçilməsinə böyük diqqət yetirilməsi diqqət cəlb edir. İnşaatda istifadə olunmuş daşlar müxtəlif hündürlüyə malikdir; 25, 34, 33, 32, 29 və 40 sm. [3]

Yeraltı kameranın döşəməsi açıq boz rəngli yaxşı yonulmuş daş plitələrlə döşənmişdir. Döşəmənin tam ortasında üzərində heç bir yazısı olmayan kiçik verikal plitə vardır. Tədqiqatçılar hesab edirlər ki, bu plitə türbədə dəfn edilmiş şəxsin məzar yerini göstərir.[3][10]

  1. Aslanova, Fəridə. "Qədim türbələrin acı taleyi". Azərbaycan Arxeologiyası. 4 (№ 1–2.). 2002: 104–106. 1 fevral 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2024.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-01-05.
  3. 1 2 3 4 5 6 7 8 9 Şeblıkin, 1943. səh. 84
  4. Şeblıkin, 1943. səh. 85
  5. 1 2 Şeblıkin, 1943. səh. 86
  6. 1 2 Şeblıkin, 1943. səh. 81
  7. 1 2 3 4 5 6 7 Şeblıkin, 1943. səh. 82
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Şeblıkin, 1943. səh. 83
  9. Salamzadə, Məmmədzadə, 1979. səh. 22
  10. 1 2 3 Salamzadə, 1952. səh. 245