Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri.
Ağbil türbələri | |
---|---|
41°25′19″ şm. e. 48°33′29″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Yerləşir | Ağbil kəndi |
Aidiyyatı | sufizm |
Tikilmə tarixi |
XVI əsr (düzbucaqlı türbə) 1537 (səkkizguşəli türbə) |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 4620, 4621 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir.[1]
Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir.[2]
Sovet işğalından sonra türbələrdən ikisi dağıdılıb.[3]
Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir.[2] Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.[2]
Türbənin özünəməxsus xüsusiyyətlərindən biri də xaricdən səkküzguşəli formada olmasına baxmayaraq, daxildən tikilinin 2.8x2.8 metr ölçülü kvadrat həcmə malik olmasıdır. Kvadratın cənub tərəfində türbəyə giriş yerləşdirilmişdir. Digər üç tərəfdə isə 76x50 sm ölçülü kiçik nişlər inşa edilmişdir. Yer səviyyəsində adi qəbir tipli dəfn yerinin olması göstərir ki, türbədə xüsusi sərdabə inşa edilməmişdir.[2]
Kvadrat təməldən günbəz örtüyə keçid, sadə stalaktitlər formasında həll edilmiş yelkənlər vasitəsiylə həyata keçirilmişdir. Türbənin xarici divarları üçün kərpic və daş hörgüsünün qarışımı karakterikdir ki, bu da Şirvan ərazisində yayılmış digər türbələrdə rast gəlinməyən bir haldır.[2] Kürsülükdən başqa, giriş hissəsinin aşağı hissələrinin çərçivəsinin hörülməsində də daşlardan istifadə edilmiş, elə daş üzərində də təqvim göstərilmişdir.[4] Üzərində kitabə yazılmış 53x46 sm ölçülü daş doqquz sıra kəpic üzərində, girişin üstündə yerləşdirilmişdir.[4]
XIX əsrdə Ağbil türbələrini tədqiq etmiş akademik B. Dorn onlar üzərindəki kitabənin surətini köçürmüşdür. Ərəb dilində üç sətrdə süls xətti ilə yazılmış kitabənin tərcüməsi belədir:
De: Ey özləri öz əleyhlərinə çıxan qullarım Mənim, Allahın mərhəmətindən ümidsiz olmayın! Həqiqətən, Allah bütün günahları bağışlayır: Çünki O, bağışlayan və mərhəmətlidir[5]. Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah – Allah onun dövlət və səadətini əbədiləşdirsin – zamanında Allahın rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah Murad b. Şeyx Məzyəd b. Xacə b. Şeyx Bayazid – Allah onu və bütün möminləri bağışlasın – üçün doqquz yüz qırxıncı (1533-1534) ildə tikilmişdir.[1] |
Üçüncü Ağbil türbəsi kiçik ölçülü tikilidir. Tikilinin düzbucaqlı planının (2.80x2.62 m) qısa tərəfinin divarları antlar şəklində 1.2 m qabağa uzaldılmışdır. Alınan kiçik eyvan gücgüvari tağla örtülmüşdür. Ümumilikdə bu kiçik mavzoley kifayət qədər xarakterik olmaqla, kiçik yaşayış binasını xatırladır.[4]