Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah.
Şıx Baba türbəsi | |
---|---|
Şıx Baba türbəsi və ya Dairəvi türbə | |
Ölkə | Azərbaycan |
Şəhər | Cəbrayıl |
Yerləşir | Şıxlar kəndi |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | Arran memarlıq məktəbi |
İstinad nöm. | 4166 |
Kateqoriya | türbə |
Əhəmiyyəti | yerli əhəmiyyətli |
|
Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur.
Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır.[1]
Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır.[2]
Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır. Daş qalaqları arasında onun yazılı abidəsini araşdırmaq bir nəticə vermədi.[2]
Türbəyə daxil olarkən gözəl süls elementli nəsx xətilə yazılmış kitabəli məzar daşının (0,65×0,16×0,18m) üstündən adlayıb keçməli olursan. Başdaşı astanaya elə nəsb olunmuşdur ki, kandardakı daşlar həm rəng, həm də formasına görə bir-birini tamamlayır. Daş elə bil bina tikiləndə buraya qoyulmuşdur. Daş üzərindəki kitabədə ad yoxdur, ancaq tarix yazılmışdır. Ərəbcə mətnin tərcüməsi belədir:[2]
Pərəstiş edilən Rəcəb ayı,yeddi yüz yeddinci il (27.XII.1307-26.I.1308). |
Belə güman etmək olar ki, abidə müqəddəs şeyxin məqbərəsinin astanasında dəfn olunmuş şəxsə aiddir. Ad yazılmadığına görə dəfn olunan şəxsin qadın olduğunu ehtimal etmək olar. Eyni mətni olan başdaşı (0.59×o.27 m) türbəni əhatə edən hasardan kənardakı qəbirlərdən birinin üzərində də var. Yuxarıdan çatma tağlı tamamlanan başdaşının iç haşiyəsinin çatması nəbati ornamentlərlə tamamlanır. Haşiyədən içəri, iri süls elementli nəsx xəttilə ərəbcə yazılmış kitabənin mətni belədir:[2]
Rəcəb (ayı),yeddiyüz yeddinci il (27.XII.1307-26.I.1308 il). |
Falas formada daşdan düzəldilmiş abidənin (0,50×0,16×0,16 m) aşağı hissəsi düzbucaqlı və dördtərəflidir. Tərəflərdən iki üzü boşdur. Görünür bu hissə qəbir üzərində baş tərəfdən hörgüdə qaldığı üçün kitabəsizdir. Digər iki tərəfində farsca yazılmış kitabənin tərcüməsi belədir:
Əbdürrəhman b. Şeyx Hüseyn b... vəfatı. Bildim ki, mənim taleyim mənim təbiətimdir, o da çox üzü dönükdür. |
Türbəni vaxtilə bişmiş kərpicdən hörülmüş dördkünc hasar əhatə etmişdir. Hazırda bu hasarın giriş hissəsindən kiçik bir hissəsi qalmışdır. İçəridən sağ tərəfdə, yerdən təqribən bir metr hündürlükdə kərpic hörgüdəki taxça içərisində çox nəfis surətdə işlənmiş falas formalı mərmər başdaşı (0,45×0,15×0,12 m) qoyulmuşdur. Başdaşının yuxarı hissəsi səkkiztillidir. Üz tərəfdə süls elementli gözəl nəsx xəttilə ərəbcə yazılmış kitabənin tərcüməsi belədir:[2]
Bilik bulağından içdi. Bu qəbir Şeyx Qiyasəddinin oğlu mərhəmətli şeyxzadə Şeyx Əbdüssəlamındır. İyirmi ramazan yeddi yüz əlli doqquzuncu il tarixdə 27 avqust 1358-ci ildə vəfat etmişdir. |
Hasardan içəri qoyulmuş digər bir başdaşında tarix yoxdur. Lakin abidənin formasına, ölçüsünə və kitabənin xətt xüsusiyyətinə görə onu da əvvəlkilərin dövrünə aid etmək olar. İri xətli kitabədə "Şeyx Məhiyəddinin vəfatı" sözləri yazılmışdır.
Şeyxin məzarı üzərindəki daş qalaqları içərisində rast gəldiyimiz kiçik bir başdaşı parçasında (0,36×0,21 m) ərəbcə yazılmış — "Bu qəbir Şeyx Əkbərindir" sözləri oxunmuşdu.
Ətrafdakı böyük qəbiristanlıqda XIV–XX əsrin əvvəllərinə aid şeyx və şeyx övliyalarının məzar daşlarına rast gəlmək mümkündür. Lakin orta əsr abidələrinin demək olar ki, hamısı torpaq altındadır. Onları qazıb çıxarmaq mümkün deyil.
Torpaqdan açıb-çıxartdığımız bir başdaşı (0,57×0,32×0,11 m) yuxarıdan düzbucaqlı formadadır. Xətti bir o qədər də səliqəli deyil. Ərəbcə yazılmış kitabənin mətni belədir:[2]
Bu şadlıq evindən həyat evinə köçdü Turab xan? Əmir Adil Allah onun qəbrini işıqlandırsın,mübarək şəvval ayı yeddi yüz əlli üçüncü ildə (10.XI — 9.XII.1352-ci il) |
XV əsrə aid daha üç başdaşı (0,60×0,30×0,7 m) qeydə alınmışdır. Bunlar qadınlara aid olub yuxarıdan üç pərli formada düzəldilmiş kiçik həcmli abidələrdir. Bunların böyük həcmlilərinə həm də XIV əsrin ortalarına aid vaxtilə Yardımlı rayonunun Köhnə Avaraq, Ünəc kəndi qəbirstanlığında rast gəlinmişdir.[2]
27 illik əsarətdən sonra erməni işğalçılarının əsarətindən azad olan Cəbrayıl rayonu Şıxlar kəndi ərazisindəki "Şıx Baba" türbəsi baxımsız vəziyyətdə olsa da dağıdılmamışdır.
Şıxlarda fəaliyyət göstərmiş alim, şeyxlərin nəsli, müridləri son illərə qədər davam etmişdir. Hazırda qəbiristanda qalmış XX əsrin əvvəllərində dəfn olunmuş bir nəfərin məzar daşında ərəbcə yazılmış kitabədə bu sözləri oxumaq olur:
Ya Allah, Şeyxin övladlarından Səfi bəyin oğlu Ağa Rüstəm, 1334/1915-16-cı ildə vəfat etmişdir. |
və yaxud başqa bir abidədə:
Ya Allah, Məhəmməd, Əli mərhum, bağışlanmış Şeyx Sədəd Qulu, 1339/1920-21-ci ildə vəfat etmişdir. |
Şeyxin nəslindən olan Ağa Rüstəmin oğlu Şeyx Təhməz Şıxlar kəndində Şərq dillərini, xüsusilə ərəb ədəbiyyatını, İslam tarixini, bəşəriyyətin mədəniyyət abidəsi olan Qurani Kərimi yaxşı bilən axırıncı şəxs idi. 1937-ci ildə o da repressiyanın qurbanı olub 70 yaşında Sibirə sürgün edilmişdir.
Şeyx Təhməz kimi Sibirə sürgün olunmuş Azərbaycan ziyalıları — şeyxlər çoxdur. Onların adına çar canişinlərinə məxsus arxiv sənədlərində rast gəlmək olur.
Hazırda həmin şeyxlərin — alimlərin nəslindən Şıxlar kəndindən olan bəzi ziyalılar yaşayır. Hüququşünas, Ali Məhkəmənin təqaüddə olan hakimi Əli Rüstəmov Şıxlar kənd məktəbi müəllimlərindən — filoloq Ənvər Mehdiyev, jurnalist Məhəmməd Təhməzov, şair Xasay Mehdiyev və başqalarını göstərmək olar. Vaxtilə 750 evdən ibarət olmuş Şıxlar kəndi, 30–35 evdən ibarətdir. kəndin keçmiş əzəmətli görkəmi qalmamışdırsa da, onun zəngin tarixindən xəbər verən möhtəşəm abidələri qorunub saxlansa da, uzun müddət mənfur düşmənlərimiz ermənilər tərəfindən işğal altında olan abidələrimiz çox təəssüf ki, dağıdılmışdır.
Cəbrayıllı yaşlı nəsillərin verdiyi məlumatlardan da öyrənirik ki, var olan yerli rəvayətlərə görə, o dövrdə vergi ödəyiciləri vergilərini Şıx baba nəslinə ödəyiblər. Çox güman edilir ki, bu vergilər çox zaman xeyriyyəçilik işlərinə sərf olunurdu və Xudafərin körpülərinin salınmasında da bu vəsaitlərdən istifadə olunmuşdur.
Müzəffər Azərbaycan Ordusu 27 illik işğaldan sonra 22 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir.[3]
Şıx baba nəslindən Şeyx Vəliyəddin (vəfatı hicri tarixi ilə 1070-ci il) XVI əsrin sonlarında Cəbrayıl rayonunun Dağ Tumas kəndinə köçmüş, orada yaşamışdır. Deyilənə görə, Şıx baba Qədiriyyə cəmiyyətinin şeyxi olmuşdur. Qədiriyyə cəmiyyətinin Əbdülqadir Gilanidir (1077–1166). Əsli farsdır. O, 18 yaşında Bağdada gəlmiş, orada Hənbali hüquq elmləri kursunu bitirdikdən sonra, 25 il İraq səhralarını zahid kimi gəzib dolaşdıqdan sonra nəhayət 1127-ci ildə Bağdadda vaiz kimi şöhrət qazanmışdır. Əbdülqədirin sağlığında onun bir sıra övlad və müridləri Qədiriyyə təriqətini təbliğ etmək üçün Ərəb ölkələrinə, Afrika, Hindistan və Türküstana getmişlər. Qədiriyyənin mövqeyi Qərbi və Şimali Afrikada Sudan, İraq, Pakistanda güclüdür. Qədiriyyə mərkəzi 1300 ildə Suriyada, XV əsrin əvvəllərində Dəməşqdə təşkil olunmuşdur.[2]
Cəmiyyətin İstanbulda meydana çıxmasını Topxanada xanəgah bina etmiş İsmayıl Rumi ilə (vəfatı- 1041/1631–32-ci illər və ya 1053–1643-44) bağlayırlar. Bu cəmiyyətin Azərbaycanda olması haqqında məlumat verən yoxdur.
Şıxlar kəndi öz adını da həmin mərkəzlə əlaqədar olaraq almışdır. Türbənin üzərində kitabə olmasa da, mərkəzin əsasını qoyan şeyxin adı müəyyənləşdirilməsə də, onun neçə-neçə mürid və övladlarının adları aşkar olunmuş və dövrü, yəni fəaliyyətinin ilk dövrləri XII–XIII əsrlərə aid edilmişdir. Mərkəz, yuxarıda deyildiyi kimi, Avropa ölkələrini İran və digər Yaxın Şərq ölkələri ilə istər Xəzər vasitəsilə su və quru karvan-ticarət yolu üzərində mövcud Pir Hüseyn, Sofi Həmid, Baba-Samit, Sarı Peyğəmbər, Babi Yəqub, Aza piri və s. sosial-mədəni-ideoloji, siyasi-iqtisadi mərkəzlərin silsiləsindən hesab edilə bilər.[2]