Şeyx Babı türbəsi — Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə.
Şeyx Babı türbəsi | |
---|---|
39°28′46″ şm. e. 47°22′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Babı, Füzuli rayonu, Azərbaycan |
Memar | Əli Məcidəddin |
Tikilmə tarixi | 1273—1274 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə 1273—1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə səkkiz güşəlidir. Ağ daşdan hörülüb və üstü səkkiz güşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsiri görünür.[1] Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan, tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273—1274-cü illər) əmr verilib. Məzarın sinədaşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki;
"Bu müqəddəs türbə Zahid, Kamal, Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib." |
Məzarın sinədaşında Şeyx Babı Yaqubun İsmayıl, Qur Xər oğlu kimi göstərilməsi onun İsmaililər hərəkatı ilə bağlı olmasını bildirir. Türbə ilə bağlı digər araşdırmalarda da faktların üst-üstə düşdüyü məlum olur.[2]
Qədim dövrlərdə müxtəlif ölkələrdən xanəgahı ziyarətə gələrmişlər. Bu da onu sübut edir ki, xanəgahda dəfn olunan Məşədi Babı ibn Yaqub müqəddəs insan olmuşdur. Kitabədə yazılanlar göstərir ki, xanəgahı XIX əsrin əvvəllərində Kərbəlayi Nasir təmir etdirmişdir. Təbii ki, bu işdə ona kömək edənlər də olmuşdur. İbrahim Mehdiyev, Qürbətəli Niftəliyev, Əziz İsmayılov, Niyaz Quliyev, Hacı Oruc, Hacı Məmməd, Məşədi Səməd, Məşədi Eyvaz və başqaları köməklərini əsirgəməmişlər.
Türbə kompleksindən 1 türbə və zədələnmiş bir minarə qalıb.
Abidə 29 sentyabr 2020-ci il tarixində Qarabağda baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ciddi şəkildə zədələnmişdir.[3]
Xanəgahın yeraltı yolları, həmçinin həmin minarələrdən biri ciddi zədələnmiş halda qalmaqdadır. Minarələrə bitişik halda tikilmiş məscidin divarlarının qalınlığı heyrətləndiricidir. Xanəgahda müxtəlif təyinatlı hücrələrin olması məqbərənin həm də yadelli düşmənlərə qarşı mübarizədə qala kimi istifadə olunduğunu sübut edir. Hücrənin əlvan çalarlı daşlarla örtülmüş otaqları göstərir ki, vaxtilə burada yaşayan insanlar yüksək sənətkarlıq qabiliyyətinə malik olmuşlar. O, Qarabağda çox nüfuzlu sufi şeyxi olub Orta əsrlərdə feodal müharibələri, Iran-Rusiya müharibəsi zamanı dağıntıya məruz qalan abidələrdən biri də yenə bu səkkiz guşəli türbə olub. Indi bu unikal memarlıq abidəsindən ancaq türbə və minarə qalıb. Babı türbəsi ağ daşdan tikilib. Üst hissəsi səkkiz bucaqlı çatma günbəzlə örtülüb. "Ornament bəzəklərinə görə türbənin tikintisində Əcəmi memarlıq məktəbinin təsiri duyulur. Bəzi məlumatlara görə, abidə görkəmli Azərbaycan ilahiyyatçısı, şair, filosof və sərkərdə Şeyx Babı Yaqubun şərəfinə ucaldılıb. Bəlkə də, elə bu səbəbdən el arasında bəzən ona Şıxbaba türbəsi də deyilir". (Nazim Tapdıqoğlu)
Bu tarixi memarlıq abidəsinin tədqiqi ilə XIX–XX əsrlərdə bir çox rus alimləri də məşğul olub. Orta əsrlər dövrünün məşhur araşdırıcısı A.Brozqula və akademik T.Roskovski öz tədqiqatlarında Şeyx Babı Yaqub türbəsinin XII əsrə aid olduğunu göstəriblər. Daha sonra rus tədqiqatçılarından professor V.Kraçkovskaya da bu türbə ilə bağlı araşdırma aparıb və onun XIII əsrə aid olduğunu təsdiqləyib. 1930-cu illərdə şərqşünas alim M.Xanikov da Babı türbəsini tədqiq edib.
XX əsrin ikinci yarısında rus tarixçiləri ilə bərabər, Azərbaycan alimləri də (Ə.Salamzadə, Ş.Fətullayev, M.Nemət, K.Məmmədzadə) Şeyx Babı Yaqub türbəsinin tədqiqilə bağlı maraqlı araşdırmalar aparıblar. Onların da elmi qənaətinə görə, türbə Naxçıvan (Əcəmi) memarlıq məktəbinin üslubunda inşa edilib. Babının qədim kəhrizləri, tarixi abidələri göstərir ki, hələ lap qədim zamanlardan burada bizim əcdadlarımız yaşamışlar. Mənbələr göstərir ki, Şeyx Babı Yaqubun çoxlu sayda müridləri olub. Onlar Qarabağda, Azərbaycanın digər bölgələrində fəaliyyət göstəriblər. Hətta Şeyx Babı Yaqub öləndən sonra belə, onlar bu ərazilərdə fəaliyyətlərini davam etdiriblər. Bu fikri Azərbaycanın bir çox bölgələrində aparılan arxeoloji və tarixi araşdırmalar zamanı bu tipli qəbirüstü abidələrdə aşkar edilən yazılar təsdiq edib. Belə güman edilib ki, Şeyx Babı Yaqub orta əsrlərdə Qarabağda çox nüfuzlu və hörmətli sufi şeyxi olub.
Arxeoloji qazıntılar yeni faktlara işıq salır. Tarixçi Fəzullah Rəşidəddin "Cami ət-təvarix" əsərində bildirir ki, şeyx Babı Yaqub XIII yüzillikdə yaşayıb. Dövrünün böyük alimi və təriqət mürşidi olub. Elxanlı sultanları ona daim hörmətlə yanaşıblar. O, bu dövlətin ictimai-siyasi həyatında önəmli rol oynayıb. Ölkədə taxt-tac qazanmaq istəyən feodallar birinci onunla siyasi birliyə daxil olarmış. Arxeoloji araşdırmalar zamanı bu türbənin yanında qədim hamam xarabalığı da aşkar olunub. Onu da deyək ki, ta qədim zamanlardan yerli kənd əhalisi arasında bir fikir dolaşıb:
“Bu türbədən qonşu Əhmədalılar kəndinə və İrana yeraltı yol olub. |
“Ta qədimdən kənddə dolaşan bu fikirlə bağlı qəbiristanlığa getdim. Gördüm ki, bu yollar var. Amma burada əsaslı arxeoloji qazıntılar aparılmadığından yolların istiqamətini müəyyən etmək çətindir.” (Nazim Tapdıqoğlu). |
Yaxın zamanlarda Babı kəndinin ərazisində orta əsrlər Qarabağına aid iri yaşayış məskəni aşkarlanıb. Buradakı böyük xanəgahda XVIII əsrə aid məscid, hamam kompleksi, hücrələrin qalıqları var: "Həmin ərazidən 3 km. məsafədə "Nağara təpəsi" deyilən ərazidə antik və ilk orta əsrlərə aid yaşayış yeri də aşkarlanıb. Kürdmahmudlu kəndində isə yeraltı sərdabə aşkara çıxarılıb. Bu ərazi orta əsrlər Qarabağına aid ən böyük tapıntıdır". XIII əsrə aid Şeyx Babı Yaqub xanəgahında aparılan qazıntılardan sonra abidənin yaxınlığında həyata keçirilən növbəti arxeoloji tədqiqatlar nəticəsində daha bir türbənin qalıqları və xanəgahın mühafizə divarları torpaq qatının altından çıxarılıb. Onun sözlərinə görə, tapıntılar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Azərbərpa" Elimi-Tədqiqat Layihə İnstitutunun mütəxəssislərinə təhvil verilsə də, onun mühafizəsi normal şəkildə təşkil edilməyib. Açıq hava şəraitində qalan arxeoloji tapıntıların xüsusi mühafizəyə ehtiyacı var, əks təqdirdə, onu qoruyub saxlamaq mümkün olmayacaq. Şeyx Babı Yaqub xanəgahında torpağın altından çıxarılan tapıntılar rütubətli hava şəraitində qısa müddət ərzində tamamilə sıradan çıxacaq. Şeyx Babı Yaqub türbəsi Şuşa və Xudafərin körpüsündən sonra Qarabağ bölgəsində ən dəyərli və böyük tarixi abidələrdən hesab olunur.