Xanım Fatimeyi-Zəhra məscidi (Yeni Günəşli)
Xanım Fatimeyi-Zəhra məscidi və ya Fatimeyi-Zəhra məscidi — Azərbaycanın paytaxtı Bakı şəhərinin Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində məscid.
== Tarixi ==
Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində “Fatimeyi Zəhra” məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə komleksinin tikintisinə icazə verilib.Həmin ərazi məscidin daimi istifadəsinə verildiyindən hasara alınıb və məscid inşa edilməyə başlanıb. Məscidin tikintisinə 1990-cı illərin sonunda başlanmışdır.Sonradan məscidin tam olaraq tikintisinə imkan verilməyib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 31 oktyabr 2002-ci il tarixli sərəncamı ilə əvvəlki - 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncam etibarsız hesab edilib.Bundan sonra məscidi qeyri-legitim hesab edən Suraxanı Rayon İcra Hakimiyyəti məscidi qarşı məhkəməyə verərək, məhkəmədən torpağın qaytarılmasını, məscidin sökülməsini xahiş edib.Dini icma qarşılıqlı iddia qaldıraraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 oktyabr 2002-ci il tarixli sərəncamının ləğv edilməsini və qanunazidd hərəkətlərin dayandırılmasını xahiş edib.Həmin dövrdə dindarların hüquqlarını vəkil Aslan İsmayılov müdafiə edib. Cəmiyyətin təbəqələrinin sərt təpkisinə baxmayaraq 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə torpaq sahəsinin geri alınaraq məscidin sökülməsinə qərar verib.2009-cu ildə məscidin qanunsuz tikili kimi sökülməsinə dair məhkəmə qərar çıxarsa da, 2010-cu ildə prezident İlham Əliyev məscidi Qafqaz Müsəlmanları İdarəsinin balansına verərək, sökülmə qərarını ləğv etmişdir.Məhkəmə qərarları Ali Məhkəmənin Plenumunda ləğv edilib, Bakı Apelyasiya Məhkəməsində 29.12.2010-cu il tarixli qətnaməsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 613 saylı 31 oktyabr 2002-ci il tarixli sərəncamı etibarsız hesab olunub, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası təmin edilməyib, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi mərkəzi massivində yerləşən 1,3 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş məscid komleksi Qafqaz Müsəlmanlar İdarəsinin balansına verilib.Qətnamə qanuni qüvvəsini alıb və məscid natamam vəziyyətdədir. Buna baxmarayaq məscid fəaliyyət göstərir və orada ibadətlər edilir.Fevral 2017-ci ildə “Fatimeyi-Zəhra” məscidinin söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb. Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov məscidlə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib ki, məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək.Sözügedən məsələ ilə bağlı açıqlama verən azərbaycanlı tanınmış vəkil Cavad Cavadov bildirib ki, "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Konstitusiyasını pozur". Bu ərəfədə məscidin imam-cüməsi, ilahiyyatçı alim Hacı Ramil Bədəlov məscidin ərazisilə bağlı geniş çıxış edərək bildirib ki, məscidin 25 sot yox, 130 sot ərazisi var". Daha sonra hadisəyə Məşədi Dadaş məscidinin imam-cüməsi, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli də münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən isə bildirilib ki, "Yeni Günəşli qəsəbəsindəki “Fatimeyi Zəhra” məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub.