Zaur Baxşəliyev
Zaur Baxşəliyev (tam adı: Zaur Lətif oğlu Baxşəliyev, 26 fevral 1981, Şuşa, DQMV) — Azərbaycan teleaparıcısı və bir çox televiziya layihələrinin müəllifi. "Azərbaycan" jurnalı, "Azərbaycan", "Respublika", "Ədalət", "525-ci qəzet" və "Ədəbiyyat" dövri mətbuat orqanlarında müxbir kimi çalışıb
2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) aparıcısı və layihə rəhbəridir. "Ömrün səhifələri, "Yağ kimi", "Yeri var", "Bizim səhər", "Xalq ulduzu", "Onun yarısı", "Bəxtəvər", "Tanıdım səni", "Məni yarımdan soruş", "Bu stil mənim", "Ümid var", "Öz aramızda", "Fort Boyard" kimi mədəni-maarif, sosial-analitik, şou xarakterli populyar, reytinqli verilişlərin müəllifi və aparıcısı olub. Hazırda müəllifi olduğu "BizimləSən" sosial-analitik və "Zaurla Günaydın" musiqili-əyləncəli proqramlarına aparıcılıq edir.
Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 07.11.2016-cı il Sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Zaur Lətif oğlu Baxşəliyev 26 fevral 1981-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Üzeyir Hacıbəyov adına Şuşa şəhər 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar Şuşa şəhərindən məcburi köçkün kimi Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində məskunlaşıb. 1992-ci ildə Azad Qaraqoyunlu kənd orta məktəbində təhsilini davam etdirib. Daha sonra ailəsi ilə birlikdə Bərdə rayonuna köçüb.