Ziffeld-Simumyaqi Artur Rudolfoviç
Artur Zifeld (tam adı: Zifeld-Simumyaqi Artur Rudolfoviç; 1889, Tallin – 1939) — Azərbaycan tarixçisi, ölkəşünas, 1921–1926-cı illərdə Bakı Xalq Maarif Şöbəsinin müdiri, Ali Partiya Məktəbinin təhsil bölməsinin rəhbəri, 1923–1930-cu illərdə isə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətinin sədr müavini, həqiqi üzvü və elmi katibi, Azərbaycan Elmi Tədqiqat Neft İnstitutunda ölkəşünaslığın tarixi-etnoqrafik şöbəsinin müdiri, 1935–1937-ci illərdə Dil və Ədəbiyyat İnstitutunun, Xarici dillər və Ədəbiyyat İnstitutunun direktoru, 1937-ci il mayın 8-dən iyunun 1-ə qədər SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, repressiya qurbanı.
== Həyatı ==
Zifeld Artur Ruldolfoviç 1889-cu ildə Estoniyanın indiki Tallin, keçmiş Revel şəhərində zəhmətkeş ailəsində anadan olub. Milliyyət baxımdan estondur. 1898–1905-ci illərdə Odessada RU lüteran-kilsə prixod məktəbində təhsil alıb. 1905–1912-ci illərdə inqilabi fəaliyyətdə fəal iştirak edir. 1912-ci ildə Almaniyaya emiqrasiya edir. 1917-ci ilə qədər İsveçrədə yaşayaraq V. İ. Leninlə birlikdə çalışır. 1917–1921-ci illərdə Odessada, Kubanda, Tiflisdə mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olur. 1921-ci ildə Bakıya qayıdaraq bir müddət Azərbaycanda fəaliyyətini davam etdirmişdir. 1932–1935-ci illərdə Gürcüstanda qısa müddətli fəaliyyətindən sonra yenidən Azərbaycana qayıtmışdır.