Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov (1870, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri.
== Həyatı ==
Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəki şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə müəllimlər İnstitutunu bitirdikdən sonra Şəki, Lənkəran və Bakıda müəllim işləmişdi. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir.
Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi.
1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi. Böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanov ermənilər tərəfindən öldürülmüşdü.