BƏDBƏXT [Nağı:] Dünyada məndən bədbəxt adam yoxdur (M.İbrahimov); BAŞIDAŞLI ...bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək? (Çəmənzəminli); BAŞIKÜLLÜ Yasavul: Axı, mən başıküllü bu payızın-qışın sümük donduran qarında-şaxtasında baş götürüb haraya gedim? (S.Rəhimov); BAŞIQAPAZLI Qorxaq, başıqapazlı, üzüdanlaqlı, qatır kimi cəbrə dözümlü, üzüyola olur (G.Hüseynoğlu); BƏXTİKƏM Zeynal: Elə o gündən mənim həm bəxtəvər, həm də bəxtikəm günlərim başlandı (B.Bayramov); BƏXTİQARA Dərin nəfəs alıb dayandı bir az; Dedi: “Gör nə sayaq bəxtiqarayam” (M.Rahim); BƏXTSİZ Ucalır göylərə elin avazı; Gülür bəxtsizlərin ömrünün yazı (S.Rüstəm); BƏLALI O şair məhv edir min bir gülxarı; Bəlalı aşiqi, sevdalı yarı (S.Vurğun); GÜNÜQARA Xanimana: Senə zəhmət verirəm, tez o günüqara qızı çağır (A.Şaiq); KÜLBAŞ ...mən külbaş dünən gedib dörd saat bufetdə oturmuşam (Y.Şirvan); QARABƏXT Alagöz: Mən çox bədbəxtəm, yer üzündə qarabəxtəm xanım! (S.Rəhman); QARAGEYMİŞ (dan.) Mamaça: Qarageymiş... heç xəbərüvüz var ki, bizim kənddə Kəblə Qayxanım doğub (H.Sarabski); QARAGÜN (dan.) Nəbi: Od tutaram Həcər düşəndə yada; Mən qaragün, gün görmədim dünyada (S.Rüstəm); MİSKİN Şəfiqə: Sənin mən yetimə, mən miskinə, mən bikəsə rəhmin gəlsin (R.Əfəndiyev); SƏADƏTSİZ Bir fransız qızı söykənib məhəccərə, dayanıb; Gözlərində səadətsiz gəncliyinin ağrısı (R.Rza); TALESİZ Mirzə Cavad: Boşluq mənim talesiz ürəyimdi (C.Cabbarlı).