DƏFƏ (müxtəlif mənalarda) Bir dəfə tarlada, bir dəfə evə dəvət edəndə, bir də indi (Ə.Qasımov); AYAQ (dan.) ..beş ayaq qayıtdıqları halda, yeddi dəfə xərəyi doldurub boşaldırdılar (Ə.Vəliyev); BAŞ [Abdulla] ayağa qalxdı, stolun arxasında bir-iki baş gəzindi... (B.Bayramov); DÖNƏM Qəndab: Məzahir iki dönəm qəsəbəyə qayıtdı... (B.Bayramov); ƏL (adətən saylarda) Bu əsnada yaxında dörd-beş əl şiddətli tapança atılır (H.Cavid); KƏR(R)Ə İranda ikinci kərrə Ələkbər yoldaşla tanış oldum (M.S.Ordubadi); Sonra telefon azından on kərə zəng çaldı (S.Qədirzadə); QAT Qasid: Düşmən bizdən on qat güclüdür (M.Hüseyn); MƏRTƏBƏ (kl.əd.) Ala gözlər nərgisi-məstanə tək şəhlalanır; Elə ki süzgünləşir, yüz mərtəbə zibalanır (M.P.Vaqif); ÖYNƏ Sizin kənddə çox az adam var ki, gündə iki öynə yemək yesin (M.Hacıyev); PAY Həcər: Mən Qəmərdən min pay gözəl idim... (Anar); SƏFƏR Bu səfər də Durnisə bir az fikirləşib, birdən gülümsündü... (Çəmənzəminli); YOL Niyazəli: Bir arvada iki yol kəbin kəsmək olmaz ki? (N.Nərimanov).