1945-ci ildə nasist Almaniyası son günlərini yaşayırdı. Almaniyanın təbliğat naziri Yozef Göbbels məğlubiyyətin qaçılmaz olduğunu gözəl başa düşürdü. O anlayırdı ki, nasistlər puç olmuş ümidlərinin, heç olmasa, bir hissəsini ancaq qalib ölkələr arasına nifaq salmaqla xilas edə bilərlər.
Bu səbəbdən də Göbbels “2000-ci il” məqaləsini yazır. Məqalədə SSRİ-nin Avropada hökmranlıq etməsi qandondurucu şəkildə təsvir edilirdi. O yazırdı: “Əgər almanlar təslim olsalar, sovetlər Avropanın bütün şərqini və cənub-şərqini, eləcə də Almaniyanın böyük hissəsini tutacaqlar. Bu çox böyük ərazinin qabağına dəmir pərdə asılacaq”.
Məqalə gözlənilən ani nəticəni vermədi. Almaniya darmadağın edildi və Sovet İttifaqı, həqiqətən də, Göbbelsin sadaladığı əraziləri tutdu. Bundan başqa, hər şeyə şübhə ilə yanaşan ruslar Qərbin onların işlərinə qarışmaq imkanını minimuma endirdilər. Müharibə illərində Böyük Britaniyanın başında duran Uinston Çörçill indi Göbbels kimi Rusiyaya qarşı mənfi mövqe tutmağa başladı. O həmçinin rusların Qərbə doğru genişlənə biləcək təsirindən ehtiyatlanırdı. Çörçill gözlənilən bu təhlükələr haqda ABŞ-ı xəbərdar etməyə cəhd göstərdi və 1946-cı il martın 5-də Fultondakı çıxışında Göbbelsin dəmir pərdə ifadəsini işlətdi.
Bu söz tezliklə dillərə düşdü və sovet təsirində olan ərazilərin sərhədləri “dəmir pərdə” adlandırılmağa başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)