Seyid Abdullah Fatiminiya
Seyid Abdullah Fatiminiya (fars. سید عبدالله فاطمینیا; 1946, Təbriz – 16 may 2022, Tehran) — İslam alimi, irfan ustadı, müctəhid.
Ayətullah Abdullah Fatiminiya din xadimi, natiq, əxlaq alimi, İslam tarixçisi və biblioqrafıdır. O, əxlaq və irfan, hədis, ərəb ədəbiyyatı poeziyasını araşdırır.
Seyid Abdullah Fatiminiya 1946-ci ildə İranın Təbriz şəhərində anadan olur. O, gənc yaşlarından irfan alimlərindən olan atası Mir İsmayıl tərəfindən ibtidai dini və elmi təhsilə yiyələnir.
Sonrakı 30 ilə yaxın müddətdə Fatiminiya Seyid Əli Qazinin tələbələrindən olan Həsən Müstəfəvidən təhsil alır və eyni zamanda hövzə təhsilini də bu müddətdə davam etdirir.
Müstəfəvidən sonra o, Əllamə Təbatəbai, Seyid Məhəmməd Həsən İlahi Təbatəbai (Əllamə Təbatəbainin kiçik qardaşı), Məhəmməd Təqi Amuli, Seyid Rza Bəhauddin, Məhəmməd Təqi Behcət, Əllamə Cəfəri kimi alimlərdən istifadə edir.
Bütün bu sadalanan fəqihlərin əksəriyyəti böyük düha Seyid Əli Qazinin tələbələridir. Elə buna görə də ustadı dolayısı ilə Qazinin tələbəsi hesab etmək olar.