I Gülbahar Xatun
Gülbahar Xatun (Trabzon – 1492, Köhnə Saray, Konstantinopol) — 7. Osmanlı padşahı Fateh Sultan Mehmedin xanımlarından biri, II Bəyazidin anası, Validə xatundur. Eyni illərdə yaşayan gəlini Əminə Gülbahar Xatunla qarışdırılmaması üçün I Gülbahar Xatun olaraq anılır.
== Həyatı ==
=== İlk illəri ===
Doğum tarixi və əsli haqqında yetərli məlumat yoxdur. Saraya necə alındığı bilinməsə də, Fateh Sultan Mehmedin ilk səltənətinin ardından Manisaya çəkildiyi dövrdə 1446-cı ildə təqdim edildiyi bilinir. Əslən hardan olması bilinməsə də, alban, serb və ya fransız olmasıyla bağlı iddialar mövcuddur. 1468-ci ilə aid alqı-satqıyla bağlı bir məhkəmə sənədində adı "Gülbahar Xatun binti Abdullah" olaraq adının keçməsi onun cariyə kökənli olduğunu bir daha sübut edir.
1448-ci ildə ilk övladı Şahzadə Bəyazidi dünyaya gətirən Gülbahar Xatunun qızı Gövhər Sultanın doğum tarixi dəqiq deyil. Bununla yanaşı Gülbar Xatunun oğluyla birlikdə 1455-ci ildə Amasya sancaqbəyliyinə göndərildiyini nəzərə alaraq, qızını bu tarixdən öncə dünyaya gətirdiyini demək mümkündür. Oğlu Şahzadə Bəyazidin 1455-ci ildə hələ 7 yaşında ikən Amasya sancaqbəyi təyin edilərək göndərilməsinin ardından Gülbahar Xatun da onunla birlikdə paytaxtdan ayrıldı və qısa ziyarətlər istisna olmaqla, oğlunun taxta çıxacağı 1481-ci ilədək orada yaşadı.