Ana harayı (abidə)
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir.
== Tarixi ==
Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."
2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.
Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki,
Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb.