McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir.
F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.