II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم; iyun 1714, İsfahan – may 1763, Məşhəd, Xorasan), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır.
== Həyatı ==
Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi.
1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.