Bakı marafonu
Bakı marafonu — Azərbaycanın Bakı şəhərində hər il ənənəvi formada təşkil olunan qaçış marafonu. Marafon ilk dəfə 2016-cı il mayın 1-də Bakıda keçirilib.
== Tarixi ==
Marafon ilk dəfə 2016-cı il mayın 1-də Azərbaycanın Bakı şəhərində keçirilib. Marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. 2016-cı ildə keçən marafon Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edib. Marafonun iştirakçıları arasında tanınmış ictimai-siyasi xadimlər, idmançılar da olub. Marafonda 7000-dən çox iştirakçı qeydiyyatdan keçib. Tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəmə etməyiblər.
Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan 500-dək əcnəbi də qoşulub. İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və nümayəndələri, tələbələr, idmançılar, bir sıra tanınmış ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirakçılar arasında olublar.