Nəzzam
Nəzzam (775, Bəsrə[…] – 845[…], Bağdad və ya Bəsrə) – Müsəlman filosofu, mötəzilə məzhəbinin nümayəndəsi
Dünya elm və mədəniyyətinə İslam dünyasının bəxş etdiyi mütəfəkkirlərdən biri də mötəzilə məzhəbinin məşhur simalarından olan Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır.
Onun doğum tarixi haqqında müxtəlif fərziyyələr mövcuddur. Tədqiqatçıların bəzisinə görə, o, 760-cı ildə, bəzilərinə görə isə 811-ci ildə Bəsrə şəhərində dünyaya gəlmişdir. Mənbələrdə ulu babalarının Bəlx şəhərindən olduğu bildirilmişdir. Ləqəbi "Nəzzam" haqqında da bir-birindən fərqli fikirlər dolaşır. Bu ləqəbin ona muncuq düzəltdiyi və yaxud çox gözəl şeirlər, mənzum əsərlər yazdığı üçün verildiyi rəvayət olunur. Gənclik illərini Bəsrədə keçirən Nəzzamın ilk müəllimi dayısı Əbul Hüzeyl əl-Əllaf olmuşdur. Daha sonra xəlifə Məmunun dəvəti ilə Bağdada gələrək, orada mötəzilə məzhəbinin məşhur alimləri ilə tanış olmuş, bir çox fiqh, kəlam və hədis alimləri ilə elmi disputlarda iştirak etmişdir. Şöhrəti artdıqca maddi vəziyyəti də mütənasib olaraq yüksəlmişdir. Hənəfi məzhəbinin nümayəndələri ilə gərgin elmi mübahisələri olmuşdur.