Nazpərvər Xatun
Nazpərvər Xatun (1556, Valaxiya knyazlığı – 1595, Köhnə Saray, Konstantinopol, Osmanlı imperiyası) — 12-ci Osmanlı sultanı III Muradın xanımlarından biri.
Əslən rumın olan Nazpərvər Xatun 1556-cı ildə dünyaya gəldi. Atası Valaxiya knyazı V Mirka olub, əsl adı Dobra olaraq qeyd olunur. Atasının 1559-cu ildə ölümünün ardından uşaq yaşdakı qardaşı Valaxiya knyazı, anası isə onun naibəsi elan olundu. Buna baxmayaraq mərkəzi hakimiyyətə tabe olmaq istəməyən yerli boyarlarla qanlı mübarizənin ardından anası bütün övladlarını da alaraq 1570-ci ildə İstanbula qaçdı. Burada Osmanlı sultanı II Səlimə sığınan ailəsinin istəyilə 14 yaşlı Dobra Topqapı sarayındakı hərəmə alındı.
O əsnada Manisa sancaqbəyi olan oğlu Şahzadə Muradın hasəkisi Safiyə Sultana olan bağlılığından şikayətlənən və bu səbəblə, durmadan oğluna cariyələr təqdim edən Nurbanu Sultan tərəfindən himayə altına alınan Dobra dərhal təlim-tərbiyə edildi. İslam dinini qəbul edərək adı Nazpərvər olaraq dəyişdirildi. Ardından Nurbanu Sultanın istəyilə Manisa sarayına göndərildi. Nazpərvər Xatun ilk övladı olan Şahzadə Mahmudu 1572-ci ildə məhz Manisa sarayında dünyaya gətirdi.