Pantsir-S1
Pantsir-S1 (rus. Панцирь-С1, NATO kod adı: SA-22 Greyhound) — Rusiyanın Tula şəhərində yerləşən KBP korporasiyası tərəfindən istehsal olunan qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksi. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub.
Pantsir-S1 hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur.
1995-ci ildə ilk hazırlanmış variant 1L36 radarı ilə təchiz olunmuşdu. Bu radar sonradan başqa bir sistemlə əvəz edilmişdir. Bu qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi təkərli və ya tırtıllı maşınların üzərində yerləşdirilə bilər. Sistemin hava hücumundan müdafiə komplektinə avtomatik zenit-artilleriya topu, səth-hava raketləri, radar və ya optik axtarış sistemi və radio-nəzarət məntəqəsi daxildir.
Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır.