Əhməd Paşa (pedaqoq)
Əhməd Əli oğlu Paşayev (Əhməd Paşa; 14 yanvar 1927, Ardanış – 1997) — pedaqoq, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əhməd Paşa 1927-ci il yanvarın 14-də Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Doğma kəndində məktəbi bitirdikdən sonra, 1945-ci ildə İrəvanda pedaqoji texnikumu, 1951-ci ildə Bakıda Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini, 1968-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1942-ci ildə Göyçə mahalının Babacan kəndində dil və ədəbiyyat müəllimi işləmişdir, 1943-1952-ci illərdə öz doğma kəndi Ardanışda dil-ədəbiyyat müəllimi, 1952-1956-cı illərdə Toxluca kəndində, 1956-1966-cı illərdə yenidən Ardanış kəndində müəllim, dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1968-1969-cu illərdə Şorca kəndində direktor, 1969-1975-ci illərdə Cil kəndində, 1975-ci ildən 1988-ci ilə qədər Ardanış kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 1988-ci ildən təqaüdə çıxması ilə əlaqədar müəllimlik fəaliyyətini dayandırmışdır.
Həyatı boyu erməni ayrı-seçkiliyinə, təzyiqlərə və qısqanclığa məruz qalan şair bunların hamısına mərdliklə sinə gərsə də, 1988-ci ildən başlayan deportasiya dövrünə dözə bilmədi, şairin ürəyi 1997-ci ildə əbədi olaraq susdu.
Əhməd Paşa bədii yaradıcılığa gənc yaşlarından başlamış, "Sülhün günəşi" adlı şeri "Ədəbi Ermənistan" almanaxında dərc olunmuşdur. Satirik və lirik şerləri vaxtaşırı respublika və rayon qəzetlərində, almanaxlarda çap edilmişdir. Bundan başqa "Ədəbiyyat və İncəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" və "Kirpi" jurnallarında şerləri, həmçinin müxtəlif qəzet və jurnallarda elmi-publisistik məqalə və oçerkləri işıq üzü görmüşdür.