Lyudmila Qurçenko
Lüdmila Markovna Qurçenko (rus. Людмила Марковна Гурченко; 12 noyabr 1935, Xarkov — 30 mart 2011, Moskva) — əsl soyadı Qurçenkova sovet-rus teatr və kino aktrisası, estrada müğənnisi. SSRİ xalq artisti (1983).
== Həyatı ==
Lüdmila Qurçenko 1935-ci il noyabrın 12-də Ukraynanın Xarkov şəhərində anadan olub. Atası “Amerikanın köpək balığı” filminə baxandan sonra filmin qəhrəmanının şərəfinə qızının adını Lüdmila qoyub. 1943-cü ildə Lüdmila orta məktəbdə birinci sinifə gedir, eyni zamanda musiqi məktəbində təhsil almağa başlayır. 1953-cü ildə orta məktəbi bitirir, sənədlərini Moskva Dövlət Kinematoqrafiya İnstitutuna verir və tələbə adını qazanır.
İnstitutda həm yaxşı oxuduğuna, həm də yaxşı səsi olduğuna görə müəllimlərin sevimlisinə çevrilir. Üçüncü kursda F. Şillerin “Qaçaqlar”ında ilk rolunu oynayır. 1956-cı ildə Eldar Ryazanovun “Karnaval gecəsi”ndə oynadığı Lena Krılova rolu ona şöhrət gətirir.