Qıyığvari qərənfil
Qıyığvari qərənfil (lat. Dianthus subulosus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT.
Böyük Qafqazın Quba, şərq və qərb hissələri, Qobustan, Bozqır yaylası, Kiçik Qafqazın şimal, mərkəzi hissələri və Kür düzündə yayılmışdır.
Çoxillik ot bitkisidir. Gövdə 11-47 sm hündürlükdədir. Yarpaqlar xətvari, 2-3 mm enində, oturaq, 8-20 mm uzunluğunda olan qına bitişib. Çiçəkqrupu başcıqlı, ağ-dərivari üst yarpaqlarla örtülmüşdür, bu yarpaqlar tərs-yumurtavari, uzunsov və ya ellipsivaridir, birdən-birə bizvari qurtaracağa keçirlər. Kasacıq silindrvari, lansetvari iti dişciklidir. Qutucuq silindrvari, kasacıqdan qısadır. Toxumlar yumurtavari, yastı, nöqtəli-təpəciklidir.