Rüzgar Birliyi
Rüzgar birliyi (türk. Rüzgâr Birliği) və ya Rüzgar qrupu (türk. Rüzgâr Grubu) — türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat Partiyasının və Ülkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi.
Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir.
== Tarixi ==
"Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat Partiyasının və Ülkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır.
=== Birinci Qarabağ müharibəsi ===
Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri və MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş, 613 nəfərin qətl edildiyi Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir. Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar.