Rəvayət
Rəvayət — bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa nağıl, hekayə.
Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir.
Rəvayətlər 2 cür olur:
Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər.
Toponimlərlə (coğrafi ərazilərlə) bağlı rəvayətlər.
Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərə Nuh peğəmbər, Süleyman peyğəmbər, Astiaq, Tomris, Nadir şah, Makedoniyalı İsgəndər, Əmir Teymur və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətləri misal göstərmək olar.
Toponimlərlə bağlı "Şuşa", "Qırxqız", "Bayandur", "Qız qalası", "Dadməlik dağı", "Qarı dağı", "Sınıq körpü", "Bibiheybət", "Şuşa", "Xatun arxı" rəvayətləri isə yer adları ilə bağlı yaranmış rəvayətlərdir.
Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür.
Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir.