Sadıqcan
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar.
Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır.
1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.