Sanama (oyun)
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir.
Dəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər.
Püşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər.