Spider-Man (video oyun, 2018)
Marvel's Spider-Man (azərb. Marvelin Hörümçək-adamı) — "Insomniac Games" tərəfindən hazırlanan, "Sony Interactive Entertainment" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. Bu, "Insomniac Games" şirkətinin ilk lisenziyalı videooyunudur və bütövlükdə 35-ci Hörümçək-adam videooyunudur. Oyun 7 sentyabr 2018-ci il tarixində PlayStation 4 konsoluna eksklüziv olaraq satışa çıxarılmışdır. Oyun "Marvel Comics" nəşriyyatının Hörümçək-adam kainatında, ABŞ-nin Nyu-York şəhərində cərəyan edir. Oyun uzunömürlü komiks mifologiyası və digər mediadakı adaptasiyalardan ilham almışdır.
Oyunun əsas süjet xətti 23 yaşlı kollec məzunu və tədqiqat üzrə köməkçi olan, bədbəxt hadisə nəticəsində radioaktiv bir hörümçək tərəfindən sancılmasından sonra superinsan qabiliyyətləri əldə edən Piter Parkerdən bəhs edir. Piter Parker artıq səkkiz ildir ki, alter eqosu olan Hörümçək-adam olaraq cinayətkarlarla vuruşur. O, öz superqəhrəman və şəxsi həyatı arasındakı balansı saxlamaqda çətinlik çəkir. Supercinayətkar olan Mister Neqativ Nyu-York şəhərinin kriminal aləminin idarəsini ələ almaq üçün plan qurur.