Vernicia fordii
Vernicia fordii (lat. Vernicia fordii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin vernicia cinsinə aid bitki növü. Əsasən Çində dəniz səviyyəsindən 200-1500 m hündürlükdə, dağ yamaclarında, meşələrdə yayılmışdır. ABŞ-da mədəni şəraitdə geniş əkilib-becərilir. Bu növə Çində tunq ağacı da deyilir.
Hündülüyü 8-13 m-ə çatan, açıq-boz qabıqlı, budaqları cərgələrlə yerləşən, seyrək çətirli, yarpağınıtökən ağacdır. Yarpaqları yumurtavari, uzanmış, ucu iti və 3 ayalı, qaidədən ürəkvarı və ya iki kəsimlidir, uzunluğu 10-12 sm, eni 6-18, bəzən 25 sm-dir, dərivaridiiir, qalın saplaqlıdır, üst tərəfdən tünd-yaşıl, alt tərəfdən bir qədər açıq rəngdədir. Cavan yarpaqların altı kürən, sıx tükcüklərlə örtülü, saplaqlarının uzunluğu 5-20 sm olur. Yarpağın saplağından qaidəsinə yaaxın olan hissədə 2 ədəd qırmızı rəngli vəz vardır. Çiçəkləri ağ ləçəkli, çoxçiçəkli süpürgəyə və ya çətirə toplanaraq budaqların uclarında yerləşmişdir.