ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur.
Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar. Başçıya çatana qədər irəliləyirlər. Başçı yenə əvvəlki sözləri təkrar edir; sol ayağını sağ ayağının barmaqları üzərinə qoyub, iki dəfə fırlanır. Uşaqlar əvvəlki qaydada geri çəkilirlər. Başçı sağ əlini ayağının çeçələ barmağının üstünə qoyur. Hamı başçı kimi edir, baş barmaqlarının ucu ilə başçının yanına gəlirlər. Başçı əlini baş barmağını burnunun ucuna qoyub deyir: - Çırtı, çırtı! Uşaqlar ona cavab verirlər: - Can çırtı! Uşaqlar yenə geri çəkilirlər. Bu dəfə başçı sol əlinin baş barmağını qulağına verir. Uşaqlar da onun kimi edib başçıya yaxınlaşırlar. Başçı deyir: - Çırtı, çırtı! Sağ tərəfdəki uşaqlar cavab verirlər: - Can çırtı! Başçı deyir: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Başçı deyir: - Hər kəs tez qaçmasa, onun saqqalına yaraşır. Hamı nişan qoyulmuş yerə qaçır. Kim geridə qalsa ona deyirlər: -Tısbağa tıs, boynunu qıs! Oyun axıra çatına qədər heç kəsin ixtiyarı yoxdur özü istədiyi kimi hərəkət etsin. Qaydanı pozanlar töhmətləndirilib oyundan çıxarılır. Hamı başçının əmri ilə hərəkət edir, nizam-intizama tabe olur.