Gizlən qaç və ya gizlənpaç — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyun.
Bu oyun qədim uşaq oyunlarından biridr.
Bu oyun bəzi bölgələrdə "Gizdilim paç", "Gizlən paç", "Gildirimparç", "Gizlinpaç", "gizlənqaç", "Qaçgizlən", "Gizlilimpars" (Muğan), "gizlənparç", "gizdələnparç", "gildirimparç" (Naxçıvan), "yaşınbacı", "yeşinbac", "yeşinbaba", "yeşinbabaş", "saxlanbac", "salanbac" (Şimal-qərb rayonlarımız), "Çapbakal" (Oğuz), Azərbaycanın cənub bölgələrində, əsasən də Cənubi Azərbaycanda "Gizdilim palanc" adlandırılsada Azərbaycanın bir çox ərazilərində əsasən "Gizlən qaç" adlandırılır.[1][2]
Bir dəstə uşaq yığışıb oyuna başlayırlar. Oyuna başlamazdan onlar dairə şəkili alır, yavaşca hamıdan yaşca böyük olan oyunçu uşaqları bir-bir sağdan-sola və ya soldan-sağa barmaqla göstərərək aşağıdakı sözləri deyir.
Əkdim noxud, Çıxdı şüyüd. Yarpağıdır Şa-ba-lıd.
Burada "lıd" hecası hansı oyunçuya düşərsə, o, püşkün şərtlərinə görə müəyyən olunmuş yerdə (mətə) gözlərini yumur, qalan oyunçular isə ətrafa səpələnib müxtəlif yerlər də gizlənirlər. Hamı gizlənəndən sonra, gözünü yuman oyunçu gözlərini açıb gizlənən oyunçuları axtarmağa başlayar. Əgər gizlənən oyunçulardan hansı biri axtaranın nəzərini yayındırıb cəld müəyyən olunan yerə (mətəyə) əlini vurarsa, o, göz yummaq işindən azad olur. Sonra o, qalan oyunçulara köməklik məqsədilə şərti işarə ilə yoldaşlarına aşağıdakı üsulla kömək edə bilər:
— "Alma" desəm gəl, "Armud" desəm qal.
Bununla da o, axtaran oyunçu durduğu yerdən uzaqlaşanda, "Alma!" – deyib yoldaşlarını pusqudan çıxmağa tələsdirir.
Bu qayda ilə onlar bir-bir gəlib həmin müəyyən olunmuş yerə (mətəyə) əllərini toxundururlar. Əgər hamı mbuna nail olarsa, axtaran oyunçu yenidən gözünü yumur. Əgər belə olmazsa, onda gizlənənlərdən kimsə ən axırda tapılarsa, o gözlərini yummalı olur. Oyun beləcə davam edir.