Bu məqalə Təkə (oyun) haqqındadır. Personaj üçün Təkə (personaj) səhifəsinə baxın. |
Təkə — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Novruz bayramı ərəfəsində keçirilən saya gəzisi şənliyində boynuna noxta və zınqırov taxılmış, uzunsaqqal erkək bir keçi ətrafında "təkəm, təkəm oyun eylər" sözlərilə başlayan oxuma ilə icra olunan oyunlardan biridir.
Bəzən oyunda heyvan əvəzinə "Təkəsaqqal Kosa" və yaxud keçi görkəmli, keçi maskalı bir oyunçu çıxış edir. Törəniş etibarilə qədim Azərbaycanda oynanılan əsatiri bir tamaşa, orada yaz fəslini təmsil etmiş "Keçi"–"təkə" surəti ilə bağlı olub qışın başlanması, onun şər qüvvələr tərəfindən öldürülməsi, yazın gəlişi isə, onun dirilməsi kimi qeyd edilmişdir. "Təkə oyunu" "Kos-kosa" mərasim tamaşası ilə yaxından səsləşir. Əslində onların adları da oxşar və bir-birinə bağlıdır. "Kosa" sözü bir çox türk dillərində və eləcə də yerli ləhcələrimizdə "keçi", "təkə" anlamında işlədilir.