Hil-hil oyunu — Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biridir.
Hazırda unudulub aradan çıxmaqda olan maraqlı oyunlardan biri də hil-hildir. Hil-hil oyunu bəlkə də müqəddəs ocağı yad təsirlərindən, özgələrdən qorumaq üçün icra edilən bir mərasimin qalığı olub, sonradan oyuna çevrilmişdir. Bu barədə dəqiq fikir demək çətindir. Hər halda, oyunu xüsusiyyətləri onun uzaq keşmilərə aid olduğunu göstərir.
Bu oyunda üç və daha çox adam iştirak edə bilər. Oyunda kiminsə qələbəsi şərt deyil. Ancaq bu heç də o demək deyildir ki, oyunda hamı bərabər vəziyyətdə olsun. Əksinə, burada oyunçulardan daha çox çeviklik göstərməzsə, o daha çox "işləməli" olacaqdır. Oyun, adətən, yazqabağı və yaz aylarında keçirilir. Hər oyunçuya bir dəyənək və 4–5 santimetrlikdə bir hil(pəl) lazımlıdır. Duz yerdə bir çala-mərə qazılır və ağacla asanca itələmək üçün üstündən 30–40 sm uzunluğunda bir arxcıq düzəldilir. Sonra oyunçuların sayına görə həmin mərənin xırda, çala("yuva") deyilən çalalar qazılır. Oyunu başlamaq üçün püşk atılır, kim götürsə, oyunu o başlayır. İlk oyunçu çalanın ağzındakı hili itələyir. Hər oyunçu çalışır ki, hili mərədən mümkün qədər uzağa itələsin, ondan sonrakı oyunçunun ağacı hilə dəyməsin. Birinin ağacı hilə dəyməyəndə, o biri oyunçular onu mümkün qədər bərk vurub mərədən uzaqlaşdırırlar. Bu vaxt hili vurub uzaqqlaşdıran oyunçu cəld gəlib öz yuvasına yaxınlaşmalı və ağacını ora dirəməlidir. Dəyənəyi hilə dəyməyən oyunçu onu qabaqlayırsa, hili vurub uzaqlaşdıran hilin dalınca getməli və "işləməli" olacaqdır.
Hil mərədən uzaqlaşdırılır. Oyunda iştirak edənlərin hamısının dəyənəkləri hilə dəymişsə, onda mərədən bir addım uzaqlıqda bir cızıq çəkilir və yenə də növbə ilə ağaclar hilə atılır.
Əgər yenə də nəticə alınmırsa, onda təzə cızıq çəkilir. Oyunçuların birinin ağacı hilə dəyməyənə kimi oyun beləcə davam edir. Beləliklə, oyunçuların biri işləməli olur. Oyundakı gərginlig həm iştirakçılar üçün, həm də kənardan baxanlar üçün maraqlı olur. Ani səhlənkarlıq oyunçunun vəziyyətini dəyişdirir. Çünki dəyəni hilə dəyən oyunçu onu öz yuvasəna vaxtında sala bilməsə, özü hilin dalınca getməlidir. Bu isə çoxyorucudur, oyunda bir növ məğlub olmağa bərabərdir. Oyundakı bu gərgin vəziyyət, hili oyunçulardan birisini mərəyə saldığı vaxtadək davam edir. Ancaq hili mərəyə salmaq o qədər də asan deyil. Çünki o biri oyunçular mərənin ətrafına yığışıb hər cür vasitə ilə hili mərəyə yaxın qoymurlar. Hətta göydə vurb mərədən uzaqlaşdırırlar. Nəhayət, hil mərəyə salınırsa, onda oyun ya qurtarır, ya da göstərilən qayda ilə təzədən başlanılır.
Bu oyun "Mərə-mərə" oyununu da xatırladır. "Mərə-mərə oyununda altı nəfər iştirak edir və altı çala qurulur, oyunçular sıraya düzülərək çalaya daş atırlar. "Hil-hil oyunun başqa növü "Pəlağac"dır. Bu oyunda hili (pəl) iki tərəfdən ucları kəsilmiş 34–40 sm çubuq və çalanı (yuvanı) isə böyuk dairə əvəz edir.