Şeşpər-şeşpər — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri.
Şeşpər-şeşpər yazın əvvəllərində və payızda keçirilən uşaq oyunlarındandır. Bu oyun bəzi yerlərdə, əsasən də Bakı kəndlərində "Şeşpər-şeşpər", bəzi yerlərdə "Şumaqədər", bəzi yerlərdə "Şappu", bəzi yerlərdə isə "Hadar-hadar" adlanır. Oyun uşaqları çevikliyə alışdırır və onlarda güc yaradır. Bu oyun bəlkə də hərbi məşq məqsədilə yaranmış, sonra uşaq oynuna çevrilmişdir.
Oyunda bir neçə nəfər iştirak edir. Hər oyunçu özü ilə 50–60 sm uzunluğunda ucları yonulmuş çoxlu ağac gətirir. Bu ağaclara şeşpər deyilir. Böyük dairə çəkilir. Oyuna ilk başlayan oyunçu püşk yolu ilə müəyyənləşdirilir.
Oyunçu ağacların birini var gücü ilə dairənin ortasında yerə vurur. Ağac yerə batmalıdır, nə qədər dərinə batsa bir o qədər yaxşıdır. Onun arxasınca o biri oyunçular eyni qayda ilə ağaclarını bir-bir həmin ağacın yanına vururlar. Sonrakı oyunçular ağaclarını yerə zəif batan ağacın dibinə bastırmağa çalışırlar. Əsas məqsəd rəqib oyunçuların ağaclarını yerdən çıxarmaqla öz ağacını yerə bərk bastırmaqdır. Şeşpəri yıxılmış oyunçu uduzmuş olur. Bu vaxt o, ehtiyat ağaclarını — şeşpərlərini işə salır. Ehtiyatda olan ağaclar qurtaranadək oyun davam edir.