Beşdaş

Beşdaş (Qərcimədaş)Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə uşaqgənclər arasında geniş şəkildə oynanılan qədim oyun.

Oyunun quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu oyunu iki və ya dörd uşaq oynayır. Hər uşaq beş balaca daş hazırlayır. Qurrə (çöp) atıb oyuna başlayırlar. Oyuna başlayan daşın birini əlində saxlamalıdır ki, buna saqqa deyərlər. Saqqanı göyə tullayıb ovucunun içində olan daşları yerə tökməli, saqqanı göydə tutmalıdır. Əvvəl saqqanı yuxarı tullamaqla daşları bir-bir ovucuna yığmalıdır. Əsas şərt ondan ibarətdir ki, daş götürülərkən nə başqa daşa dəyməli, nə də saqqa yerə düşməlidir. İki əllə götürmək və saqqanı tutmaq olmaz. Daşları bir-bir götürüb qurtarandan sonra yerə tökməli, yuxarıdakı şərtlərə əməl etmədən daşlərı yerdən iki-iki, sonra üçünü birdən, birini tək, sonra dördünü də birdən götürməlidir. Bunlar qurtarandan sonra daşları bir-bir iki barmağın arasından keçirməli və barmaq arasından keçirilmiş daşların hamısını bir yerdə götürməlidir.

Sonra daşlar barmaqların hamısının arasından bir-bir keçirilməlidir, Bu şərti də bitirib daşları bir qarış məsafədə bir-birindən aralı qoyurlar. Saqqanı yuxarı ataraq yerdəki daşları surüşdürüb birdən götürməlidir.

Saqqadan başqa bir daş ovucda saxlanılır. Saqqanı yuxarı atıb tutmaqla daşın birini ovucdan yerə salıb, cəld birini yerdən göturməlidir ki, buna yumurtlamaq deyərlər. İki-iki və üç-üç daşı yerə salıb birini götürmək lazımdır. Bundan sonra şaqqıldama gəlir. Yə'ni daşları yerdən bir-bir ovuca yığırlar. Axırda yoldaşı bir daşı itdaş tə'yin edir. O daş əl dəyilməmiş qalır. Bu itdaşı birdəfəliyə barmaqların arasından keçirmək lazımdır. Bunların hamısını səhvsiz, birdəfəyə oynaya bilən qalibiyyət qazanır. Daşı yerdən götürə, barmaq arasından keçirə bilməyən, saqqanı yerə salan və daşı götürərkən əlini başqa daşa vuran uduzmuş olur.[1][2].

  1. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.45.
  2. Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 64.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]