Halay — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması.
Dəstələrə bölünərək oynanılan bütün oyunlar halay ilə başlanır. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumi razılıq ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər.
Dəstəbaşılar təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedirlər. Oyunçular qol-qola girib, sonra bir yana çəkilirlər. Onlar xəlvəti öz aralarında kimi necə adlandırmaq (məsələn, kimin "armud", kimin "alma") barədə şərtləşib dəstəbaşıların durduğu yerə gəlir və deyirlər:
— Halay gəlmişik.
Dəstəbaşının biri digərinə :
— Gəl! (yəni qəbul et) — deyir.
O biri cavabını verir.
— Gəldim!
Halay gələnlər:
— Kimə "armud", kimə "alma"?
— Mənə armud!
"Armud" adlandırılan oyunçu keçir onun dəstəsinə, "alma" adlandırılan oyunçu isə digər dəstəbaşının arxasında dayanır. Beləliklə oyunçular dəstələrə ayrılır.