Öcəşmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyun iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-biriniə öcəşmək (sataşmaq) məqsədilə bu oyunun sözlərindən (öcəşmədən) istifadə edirlər.
. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər.
Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Oyuna başlayan dəstənin nümayəndəsinin söylədiyi sözü digər dəstənin bir üzvü təkrar etməlidir. Əvəzində sözü təkrarlayan oyunçuya əks tərəf öcəşəcək söz söyləyir. Sonra oyunun estafeti qarşı tərəfin oyunçularına verilir. Beləliklə oyun aşağıdakı kimi davam edir:
Deynən: xala!
- Xala!
- Sıramızdan qalma dala.
Deynən:xala!
- Xala!
- Qazan dibi yala.
Deynən:Vəli!
- Vəli!
- Adını qoydum dəli.
Deynən:dəmir!
- Dəmir!
- Al sümüyü gəmir.
Deynən:Çaxmaq!
- Çaxmaq!
- Kəs səsini axmaq.
Deynən:Badam!
- Badam!
- Ürəyinə qadam.
Deynən:Varsaq!
- Varsaq!
- Çərənləmə sarsaq.
Deynən:Çarıq!
- Çarıq!
- Çox danışma ağzıyırtıq.
Deynən:Saymaq!
- Saymaq!
- Tez aldanma, maymaq.
Deynən:Sarmaşıq!
- Sarmaşıq!
- Sir-sifəti bulaşıq.
Deynən:Yovşan!
- Yovşan!
- Ağzına çullu dovşan..
Deynən:Çırtıq!
- Çırtıq!
- Qapıdan qovlan sırtıq.
Deynən:Bibər!
- Bibər!
- Çox yeginən, gəbər.
Deynən:Süsən!
- Süsən!
- Tez özündən küsən.
Deynən:Bələk!
- Bələk!
- Gəlmə mənə kələk.
Deynən:Qırov!
- Qırov!
- Başını qoyum girov.[1]
Hansı dəstə öcəşmə tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur. Oyun yenidən başlanır.