Dirədöymə

DirədöyməAzərbaycanda əsasən bayramlarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış qədim oyun növüdür.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu oyunu uşaqlarla yanaşı cavanlar da oynayırlar. "Dirədöymə" oyunu Naxçıvanda "Cızıq tutması", Muğan bölgəsində "Cızıqdançıxma", Bakıda "Qayışçapdı" ("Qayışaldı"), Göyçayda "Turaoynu" ("Tuladöydü") və s. adlarla məlumdur.[1]

Oyunun quruluşu

[redaktə | mənbəni redaktə et]

Uşaqlar iki dəstəyə ayrılıb, bir dairəvi cizgi çəkir və qürrə atırlar. Qürrə hansı dəstəyə düşsə o dəstə mərəyə (dairəyə) girir. Uşaqlar hərəsi ayağının altına bir toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə ayaqla vurur, toqqaları götürməyə yol vermirlər. Dairənin içərisində olanlar kənardakılardan birini ayaqla vursa, dairədəki uşaqlar kənara çıxır, kənardakılar dairəyə girirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yoldaşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Dairədən kənardakı uşaqlardan biri toqqanı ələ keçirsə, dairənin içərisində olan uşaqları toqqa ilə vurur, ayaqları altındakı toqqaları kənara çıxarıb götürməyə çalışırlar. Hansı dəstə toqqaları tamam ələ keçirsə qələbə qazanır. Dairədəkilər ayaqlarından biri cızıqdan çıxmamaq şərti ilə çöldəkilərdən birini digər ayağı ilə vurana qədər çöldəkilər içəridəkiləri toqqa ilə döyürlər.[2].[3]

  1. Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 482. ISBN 978-9952-34-152-2
  2. Şifahi xalq ədəbiyyatı, Uşaq folkloru. "Altun kitab" nəşriyyatı, Bakı-2007. səh. 66.
  3. Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]