Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir.
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız, bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq.
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım.
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı. Onların torbasına hökmən bir şey salmaq lazım idi".[1]
Baca-baca oyunu ilaxır çərşənbə və Novruz bayramı axşamlarında qaranlıq düşəndən sonra bayram payı almaq üçün qapıları (keçmişdə isə bacaları) döyür, gizlincə şalı (torba, papaq və s.) içəri atarlar. Ev sahibi qapıdan (bacadan) içəri atılan (sallanan) şalın (torba və ya papağın) ucuna (içərisinə) şəkərbura, kətə, şorqoğal, qırmızı yumurta, ləbləbi, qovurğa, qoz, fındıq, kişmiş, iydə, badam, püstə, qaysı qurusu, qax və s. çərəzlər bağlayır. Bəzən niyyətləri hasil olan nənələr, analar, gəlinlər şala corab, ətirli sabun, əl dəsmalı və ya başqa qiymətli nəsnə qoyurlar. Xalq ədəbiyyatında uşaqların bacadan şal-torba sallamalarını əks etdirən deyimlərdən biri belədir:
Şalın sallandı bacadan,
Can gülüm, can-can!
Al payını bacadan,
Can gülüm, can-can!
Sal heybəni, çək payını,
Can gülüm, can-can!
Can gülüm, can-can!