Gül-gül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.