Papaqaldıqaç — Azərbaycanda əsasən yazqabağı, bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan ən qədim oyunlardan biri. Bəzən oyuna "Ağ-qırmızı"da adlandırırlar.
Oyun halayla başlanır. Hər tərəfdə bərabər olmaqla, bir neçə nəfər iştirak edir. Futbol meydançasının yarısı qədər bir sahə iki yerə bölünür, ortadan cızıq çəkilir. Birinci dəstə cızığın bu tərəfində, ikinci dəstə isə o tərəfində durur. Papaq (və ya bayraq) hər iki tərəfdə cızıqdan müəyyən uzaqlıqda ağacdan, dirəkdən, yaxud divardan asılır. Uşaqlar püşk yolu ilə ağ və qırmızı bayraqdan birini seçirlər. Oyuna hakimlik etmək tamaşaçılardan birinə həvalə olunur və onun göstərişilə oyun başlanır. Oyunda iştirak edən uşaqlar cızıq boyu üz-üzə dayanırlar. Oyunçulardan biri "rəqibdən" qorunmaq üçün papağın və ya bayrağın yanında keşik çəkir. Qalan oyunçular isə cızıq boyu dayanan rəqiblərin əlindən tutub dartır, cızıqdan öz tərəfinə keçirməyə cəhd göstərirlər.
Hər iki tərəfin oyunçuları papağı (bayrağı) qaçırmaq üçün əks tərəfə hücum etməyə fürsət axtarırlar. Futbolda olduğu kimi, burda da rəqib tərəfin müdafiəçisini ötmək gərəkdir. Cızığı keçən tərəfin oyunçusuna əl dəyirsə, o "vurulmuş", "əsir" düşmüş hesab olunur. Yoldaşları isə cəld, sürətlə rəqib tərəfə qaçıb bayrağı götürməyə can atmaqla bərabər, "əsiri" azad etməyə, yəni yaxınlaşıb ona əl vurmağa çalışırlar. Ola bilər oyunçu bayrağa yaxın yerdə "əsir" düşsün və xilas olunan kimi çevik bir hərəkətlə rəqiblərin bayrağını götürüb öz tərəfinə qaçırtsın.
Hücuma keçmək, "əsir" düşmək və "əsiri" azad etmək hər iki tərəfdə baş verir və oyun get-gedə gərgin vəziyyət alır. Hər hansı tərəfin papağa (bayrağa) keşik çəkən oyunçudan başqa bütün oyunçuları "əsir" düşərsə, rəqib dəstədən hamı gəlib onun həndəvərinə toplaşır. Papağı (bayrağı) qaçırmaq istəyirlər. O, isə çalışır ki, papağı (bayrağı) verməsin, mümkün qədər onları vurub "əsir" etsin. Ancaq rəqiblər çox olduğundan bir-birini "əsirlik"dən azad edirlər. Axırda rəqib dəstənin oyunçuları papağın yanında tək qalan oyunçunun ətrafında dövrə qururlar, aradan cızıq çəkilir. Rəqib dəstə xorla deyir:
Ay hürmüzü, hürmüzü,
Papağının içi qırmızı,
Sən gəl incitmə bizi,
Papağı götür,
Üç dəfə dolan vur bizi.
Tək qalan oyunçu belə də edir. Papaq oyunçulardan birinə dəysə, onda oyun heç-heçə qurtarmış olur, dəyməsə oyunçu öz dəstəsini xilas etmək üçün tez papağı (bayrağı) atıb sürətlə əks-hücuma keçir, yoldaşlarını əsirlikdən qurtarmağa, oyunda deyildiyi kimi "açmağa" çalışır. Hər iki dəstrənin oyunçuları papağı (bayrağı) da götürüb öz tərəflərinə qaçmağa çalışırlar.
Dəstələrin biri papağı götürməyənail olduqda oyuntəzədən başlanır. Qaçırılan papaqların sayına görə də oyunda hansı tərəfin üstün gəldiyi müəyyən edilir.
Bu oyun çox güman ki, qədim döyüş təlimi məşqinin qalığıdır.