Qara Qarayevin heykəli (Bakı, 2014)

Qara Qarayevin heykəli — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabıQırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki Qara Qarayevin xatirəsinə 3 fevral 2014-cü ildə qoyulmuş abidə.[1]

Qara Qarayevin heykəli
Xəritə
Ölkə Azərbaycan
Yerləşir Bakı
Heykəltaraş Fazil Nəcəfov
Memar Rəhim Seyfullayev
Tikilib 3 fevral 2014
Hündürlüyü 3,5 metr
Material Qranit

Qərarın verilməsi

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Nazirlər Kabineti Bakı şəhərində Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib. Baş nazirin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb.[2]

Abidənin hazırlanması

[redaktə | mənbəni redaktə et]

Qara Qarayevin heykəli “Nizami” kino mərkəzinin arxasında, Bakı Musiqi Akademiyasının və bəstəkarın yaşadığı evin yaxınlığındadır. Bəstəkar buradan keçib işə gedər və evə qayıdardı, odur ki, həmin yer heykəl üçün hər cəhətdən uyarlıdır. İş Azərbaycanın Xalq rəssamı heykəltaraş Fazil Nəcəfova və Respublikanın Əməkdar memarı Rəhim Seyfullayevə tapşırılmışdı. Azərbaycan heykəltaraşları içərisindən heykəl üzərində işləmək üçün sənətkarın oğlu, bəstəkar, Moskva Dövlət Konservatoriyasının professoru Fərəc Qarayev Fazil Nəcəfovu seçdi.

Gözlənilirdi ki, heykəl bir neçə aya hazır olacaq, ehtimal ki, onun oturan və ya ayaq üstə dayanan fiqur olacağını gözləyirdilər. Lakin həm heykəltaraş, həm də memar öz işlərinə çox məsuliyyətlə və qeyri-standart yanaşan sənətkarlardır. Buna görə də iş üç il çəkdi. Heykəltəraş qranitdə yalnız bəstəkarın şəxsiyyətini deyil, həm də onun sənətinin mahiyyətini, musiqisini əks etdirməyə çalışdı; musiqi daşdan qoparaq havaya yayılır, meydanın plitələri üzərinə düşərək, «Yeddi gözəl» baletindən valsın notları şəklini alır - heykəlin ətrafı məhz bunlarla xalça kimi bəzədilmişdir.

Müəllif heykəli fonlu düzəldib və həmin fona bəstəkarın fiquru yerləşdirilib. Yan tərəfdə, bəstəkarın ayaqları yanında köhnə şəhər, çox güman İçərişəhər yerləşir, arxa səth başqa üslubda həll olunmuşdur. Bu, çoxsaylı süjetlərlə işlənmiş böyük səthdir və burada bəstəkarın sevimli qəhrəmanları təsvir olunmuşdur: sağ yuxarı küncdə dəyirmanla vuruşan Don Kixot, aşağıdakı çökəkdə məhəbbət əsiri Məcnun, mərkəzdə aşiq-məşuqu ayıran hər şeyə qadir zaman və bir sıra başqa fiqurlar təsvir olunmuşdur. Ən aşağıda, gözə çarpmayan yerdə heykəltaraş öz əllərini və onların arasında imzasını təsvir etmişdi. Bu divar tədricən bir tərəfdən köhnə şəhər mövzusuna, digər tərəfdən isə bəstəkarın fiquruna keçir.

Memar Rəhim Seyfullayev heykəli əhatə edən ərazinin səviyyəsini 45 sm. qaldıraraq stilobat yaratdı, onu məhdudlaşdırmaq və ətrafdakı tikililərdən ayırmaq üçün ərazinin perimetri boyunca heykəlin çəhrayı qranitinə uyğun qırmızı çiçəklər açan gözəl ekzotik iynəyarpaqlı ağaclar əkdi. Heykəlin ətrafındakı bütün meydan çəhrayı daşlarla döşənmişdir, özü də daşların bir qismi sürüşkən olmamaq üçün xüsusi işlənmiş, bir qismi isə cilalanmış və onların üzərində notlar həkk olunmuşdur və onlar heykəlin ətrafında özünəməxsus xalça yaratmışdır. Heykəlin meydançasını ətraf küçələrdən ayırmaq məqsədilə memar perimetr üzrə klaviaturanı andıran formada oturacaqlar düzmüşdür ki, burda formaca gözəl üç ağ və iki qara oturacaq növbələşir.[1]

Abidənin açılışı

[redaktə | mənbəni redaktə et]

3 fevral 2014-cü ildə Azərbaycan prezidentinin, Qara Qarayevin ailə üzvlərininin və Azərbaycan musiqi ictimaiyyətinin iştirakı ilə bəstəkarın doğum günü ərəfəsində abidənin açılışı olmuşdur.[1]

  1. 1 2 3 "Bakıda görkəmli bəstəkar Qara Qarayevin abidəsi açılmışdır". azertag.az. 3 fevral 2014. 28 may 2019 tarixində arxivləşdirilib.
  2. Rəna Əfəndizadə. "Bakıda Qara Qarayevin heykəli". medeniyyet.az. 2 aprel 2014. 28 may 2019 tarixində arxivləşdirilib.