Zemfira Meftəhəddinova

Zemfira Əli qızı Meftahətdinova (28 may 1963[1], Bakı) — 1986–1991-ci illərdə SSRİ yığmasının, 1991–2014-cü illərdə isə Azərbaycan yığmasının heyətində çıxış edən stend atıcısı, beynəlxalq dərəcəli SSRİ idman ustası (1986), Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi (2017), Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi (2015–2023), Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti (2021-ci ildən) və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti (2021-ci ildən). Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının qızıl medalına sahib olan Zemfira Meftahətdinova dörd il sonra, 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarının isə bürünc medalına sahib olub.

Zemfira Meftahətdinova
Zemfira Meftahətdinova 2017-ci ildə
Zemfira Meftahətdinova 2017-ci ildə
Şəxsi məlumatlar
Tam adı Zemfira Əli qızı Meftahətdinova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (61 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Boyu 164 sm. (5 ft 6 in)
İdman növü Atıcılıq
Karyera illəri 1986–2014
Məşqçisi Hafiz Cəfərov
Komandası Dinamo
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası ərzində Zemfira Meftahətdinova Dünya və Avropa Çempionatlarında da dəfələrlə uğurlara imza atıb. Zemfira Meftahətdinova 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa Çempionatlarının qalibi olub. Komanda turnirlərində isə 1987 və 1990-cı illərdə turnirin qızıl medallarına sahib olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftahətdinova 1995 və 2001-ci illərdə Dünya Çempionatlarının qalibi olub.

Zemfira Meftahətdinova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun Fərmanına əsasən 1991-ci ildə Azərbaycan SSR-in Fəxri fərmanı ilə, Azərbaycan Prezidenti Heydər Əliyevin Fərmanlarına əsasən 1995-ci ildə "Tərəqqi" medalı ilə, 2000-ci ildə "Şöhrət" ordeni ilə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2004-cü ildə "Tərəqqi" medalı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə, daxili işlər orqanlarında xidmətlərinə görə isə 2018-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Karyerasını başa vurandan sonra Zemfira Meftahətdinova daxili işlər orqanlarında vəzifəyə təyin edildi. Zemfira Meftahətdinova 2015-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisidir, 2021-ci ildən isə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.

Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Milliyyətcə tatardır. Yasamal rayonunda T. Abbasov adına 225 nömrəli tam orta məjtəbdə təhsil alan illərdə Zemfira Meftahətdinova idman gimnastikası ilə məşğul olmuşdur. Daha sonra Meftahətdinovlar ailəsi Nizami rayonunda yaşamağa başlamışdır. Təhsilini A. Məmmədov adına 115 nömrəli tam orta məjtəbdə davam edən Zemfira Meftahətdinova dərslərdən sonra qızlarla birgə evləri ilə üz-üzə olan tirə getmişdir. Atıcılığı marağı olan 12 yaşlı Zemfira bu idman növü ilə məşğul olmağa başlamışdır. Zemfira Meftahətdinova Hafiz Cəfərovun rəhbərliyi altında Dinamoda məşq etmişdir.

1979–1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000–2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil almışdır.

Zemfira Meftahətdinova ailəlidir. Bir qızı və bir oğlu var. Qızı Regina polis serjantıdır və Səbail Rayon Polis İdarəsində xidmət edir.

1986–1991-ci illər: Sovet yığması ilə birgə Avropa çempionluqları

[redaktə | mənbəni redaktə et]

Zemfira Meftahətdinova 1986-cı ilin 1–6 iyulunda İtaliyanın Montecantini şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Bu onun beynəlxalq səviyyədə birinci turniri idi. Həmin turnirin final mərhələsində 190 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatının gümüş medalına sahib oldu. Turniri qalibi isə digər sovet idmançısı Svetlana Demina oldu. Həmin il Zemfira Meftahətdinovaya beynəlxalq dərəcəli SSRİ idman ustası adı verildi. 1986-cı ilin əsas turniri isə Şərqi Almaniyanın (ADR) Zul şəhərində baş tutan Dünya Çempionatı oldu. Zemfira Meftahətdinova stend atıcılığı turnirinin final mərhələsində 192 bal nəticə göstərdi və yeddinci pillənin sahibi oldu.[2] Komanda turnirində isə Svetlana Demina, Yelena Puşina və Zemfira Meftahətdinovadan ibarət SSRİ yığması Dünya Çempionatının gümüş medalına sahib oldu.

Daha sonra Zemfira Meftahətdinova 1987-ci ilin 18 iyul-20 avqustunda Finlandiyanın Lahti şəhərində Avropa Çempionatında mübarizə apardı. Bir il əvvəl turnirin gümüş medalına sahib olan Zemfira Meftahətdinova bu səfər final mərhələsində 188 bal nəticə göstərdi. Bu nəticəyə əsasən o, sovet idmançıları Svetlana DeminaYelena Puşinadan sonra üçüncü pillədə qərarlaşdı və Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Komanda turnirində isə Demina, Puşina və Meftahətdinova ibarət SSRİ yığması Avropa Çempionatının qalibi oldu.

1988-ci ilin əsas turnirlərindən biri 10–20 iyulda İstanbul şəhərində baş tutan Avropa Çempionatı oldu. Ötən turnirlərdə fərqlənən Zemfira Meftahətdinova bu səfər də medala sahib oldu. Final mərhələsində 192 bal nəticə göstərən Zemfira Meftahətdinova turnirin gümüş medalına sahib oldu.[2]

1989-cu ildə beynəlxalq turnirlərdə çıxış eləməyən Zemfira Meftahətdinova 1990-cı ildə İsveçin Uddevalla şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Final mərhələsində 188 bal nəticə göstərən Zemfira Meftahətdinova turnirin gümüş medalına sahib oldu. Komanda turnirində isə Svetlana Demina, Yelena Puşina və Zemfira Meftahətdinova ibarət SSRİ yığması növbəti dəfə Avropa Çempionatının qalibi oldu. Bununla da Avropanın ən güclü stend atcılılarından biri olan Zemfira Meftahətdinova altıncı dəfə Avropa Çempionatlarının medalına sahib oldu. Həmin il Zemfira Meftahətdinova həm də Dünya Çempionatında mübarizə apardı. Komanda turnirində Svetlana Demina, Yelena Puşina və Zemfira Meftahətdinova ibarət SSRİ yığması turnirin bürünc medalına sahib oldu

Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli Fərmanına əsasən nail olduğu idman nəticələrinə görə Zemfira Əli qızı Meftahətdinova Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edildi.

Zemfira Meftahətdinova SSRİ bayrağı altında sonuncu beynəlxalq turnirdə 1991-ci ilin iyulunda mübarizə apardı. İtaliyanın Bolonya şəhərində baş tutan Avropa Çempionatının final mərhələsində Zemfira Meftahətdinova 182 bal nəticə göstərdi və turniri yeddinci pillədə başa vurdu.[2] 90-cı illərin əvvəllərində Sovet İttifaqında baş verən siyasi proseslər nəticəsində SSRİ dağıldı. Zemfira Meftahətdinova isə Azərbaycan bayrağı altında turnirlərdə mübarizə aparmağa başladı.

1991–1999-cu illər: Avropa və Dünya çempionluqları

[redaktə | mənbəni redaktə et]

1991-ci il dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müharibənin, iqtisadi böhranın, siyasi gərginliyin olduğu bir zamanlar idi. Bu illər ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə medal qazanmasa bir tərəfə, mübarizə aparması belə çətin məsələ idi. Uzun fasilədən sonra Zemfira Meftahətdinova 1993-cü ildə Çexiyanın Brno şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 118 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatının qızıl medalına sahib oldu.[2] Karyerası ərzində üçüncü dəfə Avropa Çempionatının qızıl medalına sahib olsa da, onun qazandığı bu qələbə Azərbaycan idmanı tarixində qazanılan birinci ciddi uğurlardan idi.

Zemfira Meftahətdinovanın 1994-cü ildə birinci turniri Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatı oldu. Turnirin final mərhələsində 108 bal nəticə göstərən Zemfira Meftahətdinova Avropa Çempionatını beşinci pillədə başa vurdu. Daha sonra isə Zemfira Meftahətdinova 24 iyul-4 avqustda İtaliyanın Fanyano şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 110 bal nəticə göstərən Zemfira Meftahətdinova beşinci pillədə qərarlaşdı. Zemfira Meftahətdinova həmin il həm də ISSF World Cup turnirinin V mərhələsində mübarizə apardı. İtaliyanın Fanyano şəhərində baş tutan turnirin final mərhələsində o, dairəvi stend turnirində 11 bal nəticə göstərdi və 30-cu pillədə qərarlaşdı.[2]

Zemfira Meftahətdinova 1995-ci ildə Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Karyerasının ən uğurlu mövsümlərindən biri də məhz bu il oldu. Zemfira Meftahətdinova əvvəlcə Finlandiyanın Lahti şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Dairəvi stend turnirində o, 50 bal nəticə göstərdi və çempionatı 34-cü pillədə tamamladı. Stend atıcılığı turnirinin final mərhələsində isə Zemfira Meftahətdinova 116 bal nəticə göstərdi və Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]

Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Zemfira Əli qızı Meftahətdinova "Tərəqqi" medalı ilə təltif edildi.

1995-ci ilin əsas turniri Kiprda baş tutan Dünya Çempionatı oldu. Dairəvi stend turnirində o, 60 bal nəticə göstərdi və çempionatı 46-cı pillədə tamamladı. Stend atıcılığı turnirinin final mərhələsində isə Zemfira Meftahətdinova 118 bal nəticə göstərdi və Dünya Çempionatının qızıl medalına sahib oldu.[2] Bununla da o, Dünya Çempionatının qalibi olmağı bacaran birinci azərbaycanlı qadın idmançı oldu.

1996-cı il ərzində nüfuzlu beynəlxalq turnirlərdə çıxış eləməyən Zemfira Meftahətdinova 1997-ci ildə Finlandiyanın Sipoo şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 120 bal nəticə göstərən Zemfira Meftahətdinova dörd ildən sonra növbəti dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu. İlin əsas turniri isə Perunun Lima şəhərində baş tutan Dünya Çempionatı oldu. Son Dünya Çempionatının qalibi olan Zemfira Meftahətdinova bu səfər turniri altıncı pillədə başa vurdu.[2]

1998-ci ildə Zemfira Meftahətdinova əvvəlcə Avropa Çempionatında mübarizə apardı. Kiprda baş tutan turnirin final mərhələsində o, 70 + 22 bal nəticə göstərdi və Avropa Çempionatını beşinci pillədə başa vurdu. Həmin ilin iyulunda İspaniyanın Barselona şəhərində baş tutan Dünya Çempionatında da Zemfira Meftahətdinova medala sahib ola bilmədi. Final mərhələsində 72 + 24 bal nəticə göstərən Meftahətdinova, çempionatı beşinci pillədə tamamladı. Zemfira Meftahətdinova Avropa və Dünya Çempionatlarında medala sahib ola bilməsə də, ISSF World Cup turnirlərində ciddi nailiyyətlərə imza atdı. Əvvəlcə o, Misirin Qahirə şəhərində baş tutan turnirdə 74 + 18 bal nəticə ilə dördüncü pillənin, sonra isə İtaliyanın Lonato şəhərində baş tutan mərhələdə 68 bal nəticə ilə doqquzuncu pillənin sahibi oldu. Bu nəticələrə əsasən Zemfira Meftahətdinova ISSF World Cup turnirinin finalına vəsiqə qazandı. İtaliyanın Montecatini şəhərində baş tutan turnirdə isə Zemfira Meftahətdinova 70 + 25 bal nəticə göstərdi. Bununla da o, birinci dəfə ISSF World Cup turnirinin qalibi oldu.[2]

1999-cu il Zemfira Meftahətdinovanın ən uğursuz mövsümlərindən biri oldu. Zemfira Meftahətdinova əvvəlcə Fransanın Pusan şəhərində baş tutan Avropa Çempionatında uğursuz çıxış etdi. Final mərhələsində 70 bal nəticə göstərən Zemfira Meftahətdinova turniri yeddinci pillədə başa vurdu. Daha sonra isə o, Finlandiyanın Tampere şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Bu turnirdə Zemfira Meftahətdinova 66 bal nəticə göstərdi və Dünya Çempionatında doqquzuncu pillədə qərarlaşdı. ISSF World Cup turnirlərində də Zemfira Meftahətdinova uğur qazana bilmədi. Turnirin Kumamoto şəhərində (Yaponiya) baş tutan mərhələsində o, gümüş medala sahib olsa da (70 + 24 bal nəticə ilə), Lonato şəhərində (İtaliya) baş tutan mərhələdə beşinci pillədə qərarlaşdı (70 + 22 bal nəticə ilə). ISSF World Cup turnirinin Küveyt şəhərində baş tutan finalında da Zemfira Meftahətdinova uğur qazana bilmədi. Final mərhələsində o, 70 + 22 bal nəticə göstərdi və turniri altıncı pillədə başa vurdu.[2]

2000–2003-cü illər: Sidney Olimpiadasında zəfər

[redaktə | mənbəni redaktə et]

2000-ci il həm Zemfira Meftahətdinova həm də atıcılıq idmanı üçün önəmli bir il idi. Buna səbəb stend atıcılığı turnirinin tarixdə birinci dəfə Olimpiya Oyunlarının proqramına salınması idi. 37 yaşlı Zemfira Meftahətdinovanın birinci dəfə Olimpiya Oyunlarında mübarizə aparmaq şansı var idi.[2]

Zemfira Meftahətdinova mövsümün əvvəlində İtaliyanın Montecantini şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin final mərhələsində 65 bal nəticə göstərən Zemfira Meftahətdinova çempionatı yeddinci pillədə başa vurdu. Həmin mövsümdə Zemfira Meftahətdinova həm də ISSF World Cup turnirlərində mübarizə apardı. Avstraliyanın Sidney şəhərində baş tutan mərhələdə 70 + 22 balla beşinci pillənin sahibi olan Zemfira Meftahətdinova İtaliyanın Lonato şəhərində baş tutan mərhələni isə 66 balla 8-ci pillədə başa vurdu.[2]

Zemfira Meftahətdinova mövsüm ərzində göstərdiyi nəticələrə əsasən 2000-ci ilin sentyabrında Sidney şəhərində (Avstraliya) baş tutacaq XXVII Yay Olimpiya Oyunlarına vəsiqə qazandı.[2]

XXVIII Yay Olimpiya Oyunları

Zemfira Meftahətdinova 2000-ci ildə

İlin əsas turniri 15–30 sentyabrda Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunları idi. Stend atıcılığı turnirləri birinci dəfə Olimpiya Oyunlarının proqramına salınmışdı. Dünya və Avropa Çempionatlarının qalibi olan Zemfira Meftahətdinova mövsüm ərzində beynəlxalq turnirlərdə ciddi uğura imza atmadığına görə turnirin favotirlərindən biri hesab olunmurdu. Ümumi olaraq turnirdə 13 idmançı mübarizə apardı. Sentyabrın 21-də əvvəlcə təsnifat mərhələsi baş tutdu. Təsnifat mərhələsində Zemfira Meftahətdinova 74 balla həm birinci pillənin sahibi oldu, həm də olimpiya rekordunu müəyyənləşdirdi. Nəticələrə əsasən altı idmançı final mərhələsinə vəsiqə qazandı. Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində Zemfira Meftahətdinova və onun əsas rəqibi, bir zamanlar SSRİ yığması ilə birgə Avropa Çempionatlarında zəfərlər qazanan Rusiya nümayəndəsi Svetlana Demina da 25 bal topladı. Belə olan halda təsnifat mərhələsində toplanan ballarda ümumi nəticəyə əlavə edildi. Bununla da Rusiya nümayəndəsi Svetlana Demina 95 balla gümüş medallara sahib oldu. Zemfira Meftahətdinova isə 99 balla XXVII Yay Olimpiya Oyunlarının qalibi oldu.[2] Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 402 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə və XXVII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərinə görə Zemfira Əli qızı Meftahətdinova "Şöhrət" ordeni ilə təltif edildi.

XXVII Yay Olimpiya Oyunlarından sonra Zemfira Meftahətdinovanın mübarizə apardığı birinci nüfuzlu turnir 2001-ci ilin 28 aprel-8 mayında Misirin Qahirə şəhərində baş tutan Dünya Çempionatı oldu. Sidney Olimpiadasının qalibi Zemfira Meftahətdinova turnirin əsas favoritlərindən biri hesab olunurdu. Turnirin təsanifat mərhələsində Zemfira Meftahətdinova 72 bal topladı. Final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Zemfira Meftahətdinova 22 bal topladı və ümumi nəticədə 94 balla Dünya Çempionatının qalibi oldu. Bununla da Zemfira Meftahətdinova 1995-ci ildən sonra növbəti dəfə Dünya Çempionatının qızıl medalına sahib oldu. Zemfira Meftahətdinova mövsüm ərzində uğurlu mübarizəsini ISSF World Cup turnirlərində davam etdi. Turnirin II mərhələsi Cənubi Koreyanın Seul şəhərində baş tutdu. Təsnifat mərhələsində 68 bal, final mərhələsində isə 26 bal toplayan Zemfira Meftahətdinova ümumi nəticədə 92 balla turnirin gümüş medalına sahib oldu. Milan şəhərində (İtaliya) baş tutan III mərhələdə isə Zemfira Meftahətdinova 70 + 22 balla beşinci pillədə qərarlaşdı. ISU World Cup turnirinin finalı Qətərin Doha şəhərində baş tutdu. Təsnifat mərhələsində Zemfira Meftahətdinova 70 bal topladı. Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsində isə o, 24 bal topladı və ümumi nəticədə 94 balla turniri dördüncü pillədə başa vurdu.[2]

Zemfira Meftahətdinova 2002-ci ildə əvvəlcə İtaliyanın Lonato şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Gərgin idman mübarizəsi şəraitində baş tutan turnirin final mərhələsində 70 bal, final mərhələsində isə 22 bal toplayan Zemfira Meftahətdinova Avropa Çempionatını dördüncü pillədə başa vurub. İlin əsas turniri isə iyulda Finlandiyanın Lahti şəhərində baş tutan Dünya Çempionatı oldu. Turnirin nəticələrinə əsasən o, 68 balla turniri 8-ci pillədə başa vurdu. Zemfira Meftahətdinova həmin il həm də ISSF World Cup turnirində mübarizə apardı. Çinin Şanxay şəhərində baş tutan II mərhələsində 68 balla yeddinci pillənin sahibi olan Zemfira Meftahətdinova turnirin Lonato şəhərində (İtaliya) finalını 65 + 25 balla altıncı pillədə başa vurdu.[2]

2003-cü il mövsümü isə Zemfira Meftahətdinova üçün qismən uğurlu illərindən biri oldu. Mövsümün birinci turniri 16 iyul–4 avqustda Çexiyanın Brno şəhərində baş tutan Avropa Çempionatı oldu. Turnirin təsnifat mərhələsində 74 bal toplayan Zemfira Meftahətdinova final mərhələsində 24 balla birinci pillənin sahibi oldu. Bununla da Zemfira Meftahətdinova beşinci dəfə Avropa Çempionatının qalibi oldu. İlin növbəti turniri 10–18 sentyabrda Kiprda baş tutan Dünya Çempionatı oldu. Zemfira Meftahətdinova bu turnirdə uğursuz çıxış etdi və 68 balla 15-ci pillədə qərarlaşdı. Həmçinin Avstraliyanın Pert şəhərində baş tutan ISSF World Cup turnirinin I mərhələsində də o, uğursuz çıxış etdi (66 balla 17-ci pillənin sahibi oldu).[2]

2004–2007-ci illər: Afina Olimpiadasında bürünc

[redaktə | mənbəni redaktə et]

2004-cü ilin əsas turniri XXVIII Yay Olimpiya Oyunları idi. Son Olimpiya çempionu Zemfira Meftahətdinovanın mövsümdə birinci turniri 22–28 iyunda Kiprda baş tutan Avropa Çempionatı oldu. Həmin turnirdə o, uğursuz çıxış etdi, nəticədə 64 balla 16-cı pillədə qərarlaşdı. Zemfira Meftahətdinova ötən dörd il ərzində Dünya və Avropa Çempionatlarının qalibi olsa da, Afina Olimpiadasının əsas favoritlərindən hesab olunmurdu.[2] Bununla belə o, medala iddialı idi.

XXVIIII Yay Olimpiya Oyunları

2004-cü ilin əsas turniri olan XXVIII Yay Olimpiya Oyunları 12–28 avqustda Yunanıstanın Afina şəhərində baş tutdu. Stend atıcılığı turniri avqustunda 19-da baş tutdu. 12 idmançının mübarizə apardığı təsnifat mərhələsində Zemfira Meftahətdinova birinci cəhdində 25 bal topladı. Növbəti cəhdində də 25 bal toplamağı bacaran Meftahətdinova, üçüncü cəhdində uğurlu seriyanın davamını gətirə bilmədi və cəmi 22 bal topladı. Bununla da o, təsnifat mərhələsini 72 balla tamamladı və sadəcə Macarıstan nümayəndəsi Diana İqalidən geri qaldı. Final mərhələsi isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Zemfira Meftahətdinova 22 bal topladı və altı idmançı arasında dördüncü pillədə qərarlaşdı. Amma ümumi nəticə həm təsnifat mərhələsi, həm də final mərhələsinin nəticələrinə əsasən aparıldığına görə Zemfira Meftahətdinova 94 balla üçüncü pillədə qərarlaşdı. Bununla da o, XXVIII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[2] Bununla da Zemfira Meftahətdinova Olimpiya Oyunlarında 2 dəfə medala sahib olan birinci qadın idmançı oldu. Olimpiadanın qalibi isə Macarıstan nümayəndəsi Diana İqali oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə və XXVIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərinə görə Zemfira Əli qızı Meftahətdinova "Tərəqqi" medalı ilə təltif edildi.

Afina Olimpiadasından sonra Zemfira Meftahətdinova ISSF World Cup turnirlərində mübarizə apardı. Sidney şəhərində (Avstraliya) baş tutan I mərhələdə Zemfira Meftahətdinova 72 + 22 balla turniri altıncı pillədə başa vurdu.[2] Afina şəhərində (Yunanıstan) baş tutan III mərhələ isə Zemfira Meftahətdinova üçün uğurlu oldu. Təsnifat mərhələsində 66 bal, final mərhələsində isə 20 bal toplayan Zemfira Meftahətdinova turnirin bürünc medalına sahib oldu. Məhz bu medal Zemfira Meftahətdinovanın beynəlxalq turnirlərdə qazandığı sonuncu medal oldu. Bundan sonra 42 yaşlı Zemfira Meftahətdinovanın nəticələri zəiflədi.[2]

Zemfira Meftahətdinova 2005-ci ilin 24–31 mayında Lonato şəhərində (İtaliya) baş tutan Dünya Çempionatında mübarizə apardı.[2] Təsnifat mərhələsində 70 bal, final mərhələsində isə 20 bal toplayan Zemfira Meftahətdinova ümumi nəticədə 90 balla turniri altıncı pillədə başa vurdu. Daha sonra o, Roma şəhərində (İtaliya) baş tutan ISSF World Cup turnirinin II mərhələsində çıxış etdi. Turnirin təsnifat mərhələsində 66 bal toplayan Zemfira Meftahətdinova doqquzuncu pillədə qərarlaşdı.[2]

2006-cı ildə Zemfira Meftahətdinova üçün uğursuz mövsüm oldu. Əvvəlcə o, 20 iyul-5 avqustda Xorvatiyanın Zaqreb şəhərində baş tutan Dünya Çempionatının təsnifat mərhələsini 70 balla 11-ci pillədə tamamladı. Daha sonra isə Zemfira Meftahətdinova ISSF World Cup turnirinin mərhələlərində mübarizə apardı. Sinyuan şəhərində (Çin) baş tutan I mərhələni beşinci pillədə (72 + 22 balla), Qahirə şəhərində (Misir) baş tutan III mərhələdə altıncı pillənin (74 + 18 balla) sahibi olan Zemfira Meftahətdinova Kervil şəhərində (ABŞ) baş tutan II mərhələdə və Zul şəhərində (Almaniya) baş tutan IV mərhələdə isə ümumiyyətlə final mərhələsinə vəsiqə qazana bilmədi.[2]

Zemfira Meftahətdinova üçün uğursuzluq seriyası 2007-ci ildə də davam etdi. 8–22 iyulunda İspaniyanın Qranada şəhərində baş tutan Avropa Çempionatının təsnifat mərhələsində 68 balla 12-ci pillədə mübarizəni dayandıran Zemfira Meftahətdinova sentyabrda Kiprda baş tutan Dünya Çempionatında da uğursuz çıxş etdi. Təsnifat mərhələsində o, 70 balla 13-cü pillədə qərarlaşdı. ISSF World Cup turnirində isə Zemfira Meftahətdinova Lonato (İtaliya) mərhələsini 12-ci (68 balla), Maribor (Sloveniya) mərhələsini isə 29-cu (62 balla) pillələrdə başa vurdu.[2]

2008–2014-cü illər: Karyerasını başa vurmağı

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Olimpiya Oyunları baş tutacaqdı. Karyerasında üçüncü dəfə bu turnirdə mübarizə aparacaq Zemfira Meftahətdinova həmin ilin 5–14 iyulunda Kiprda baş tutan Avropa Çempionatında çıxış etdi. Nəticədə turnirin təsnifat mərhələsində 68 bal toplayan Zemfira Meftahətdinova çempionatı onuncu pillədə başa vurdu.[2]

XXIX Yay Yay Olimpiya Oyunları

Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva Olimpiya Oyunlarının qaliblərini və medalçılarını qəbul edən zaman. (02.09.2008)

2008-c ilin əsas turniri 8–24 avqustda Çində baş tutan XXIX Yay Olimpiya Oyunları idi. Üçüncü dəfə olimpiadalarda mübarizə aparan Zemfira Meftahətdinova turnirin favoriti hesab olunmurdu. 2000-ci il Sidney Olimpiadasının qalibi, 2004-cü il Afina Olimpiadasının isə bürünc medalçısı olan Zemfira Meftahətdinovanın son üç il ərzində heç bir uğura imza ata bilməməsi, həm də artıq 45 yaşının çıxış olması amili, onun nəticələrinin zəif olacağına işarə idi. Avqustun 14-də baş tutan təsifat mərhələsi Zemfira Meftahətdinova üçün uğursuz nəticələndi. Birinci cəhdində 22 bal toplayan Meftahətdinova, növbəti cəhində də 22 bal topladı.[2] Sonuncu cəhdində isə cəmi 20 bal toplayan Zemfira Meftahətdinova ümumi nəticədə 64 bal topladı və təsnifat mərhələsini 15-ci pillədə başa vurdu.[2] Bu onun mübarizə apardığı sonuncu olimpiada oldu.

Olimpiadadan sonra ISSF World Cup turnirlərində mübarizə aparan Zemfira Meftahətdinova Çində baş tutan birinci mərhələni 62 balla 25-ci, Almaniyada baş tutan üçüncü mərhələni 65 balla 16-cı, Serbiyada baş tutan dördüncü mərhələni isə 68 balla 7-ci pillələrdə başa vurdu. Bundan sonra Zemfira Meftahətdinova bir müddət idmandan uzaqlaşdı. Analıq məzuniyyətinə görə o, 2009-cu ildə beynəlxalq turnirlərdə çıxış eləmədi.[2]

2010-cu ildə idmana qayıdan Zemfira Meftahətdinova əvvəlcə 25 iyun-4 iyulda Rusiyanın Kazan şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticədə o, 64 balla turniri 19-cu pillədə başa vurdu. Daha sonra isə Zemfira Meftahətdinova 28 iyul-11 avqustda Almaniyanın Münhen şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi. Zemfira Meftahətdinova həmin turniri 70 balla 8-ci pillədə tamamladı. İlin sonunda isə o, Lonato şəhərində (İtaliya) baş tutan ISSF World Cup turnirinin dördüncü mərhələsində mübarizə apardı. Nəticədə Zemfira Meftahətdinova 65 balla 25-ci pillədə qərarlaşdı.[2]

2011-ci ildə Zemfira Meftahətdinova altı beynəlxalq turnirdə mübarizə apardı. Əvvəlcə o, 31 iyul-14 avqustda Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Nəticədə Zemfira Meftahətdinova təsnifat mərhələsini 70 balla onuncu pillədə tamamladı və mübarizəsini dayandırdı. Daha soonra isə o, 2–14 sentyabrda bu səfər də Belqrad şəhərində baş tutan turnirdə — Dünya Çempionatında mübarizə apardı. Bu turnirdə onun üçün uğursuz nəticələndi. Zemfira Meftahətdinova təsnifat mərhələsini 72 balla 11-ci pillədə başa vurdu. Bu həm də onun qatıldığı sonuncu Dünya Çempionatı oldu. İlin sonlarında isə o, ISSF World Cup turnirlərində mübarizə apardı. Zemfira Meftahətdinova Çilidə baş tutan mərhələni 19-cu, Avstraliyada baş tutan mərhələni 17-ci, Çində baş tutan mərhələni 11-ci, Sloveniyada baş tutan mərhələni isə 13-cü pillələrdə başa vurdu.[2]

2012-ci ildə isə Zemfira Meftahətdinova dörd turnirdə mübarizə apardı. Əvvəlcə o, 16–26 mayda Kiprda baş tutan Avropa Çempionatında çıxış etdi və turniri 64 balla 22-ci pillədə başa vurdu. İlin sonlarında isə o, ISSF World Cup turnirlərində mübarizə apardı. Zemfira Meftahətdinova turnirin Birləşmiş Ştatlarda baş tutan mərhələsini 8-ci, Birləşmiş Krallıqda baş tutan mərhələsini 13-cü, İtaliyada baş tutan mərhələsini isə 11-ci pillələrdə tamamladı.[2]

2013-cü ildə Zemfira Meftahətdinova əvvəlcə 28 iyul-4 avqustda Almaniyanın Zul şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, turniri 62 balla 31-ci pillədə tamamladı. Daha sonra isə Zemfira Meftahətdinova Birləşmiş Ərəb Əmirlyinin Əl-Əin şəhərində baş tutan ISSF World Cup turnirinin mərhələsində çıxış etdi. Həmin turniri o, 72 balla 10-cu pillədə başa vurdu.[2]

2015-ci ildə tarixdə birinci dəfə Avropa Oyunları baş tutacaqdı. Bu turnirdə mübarizə aparmaq üçün Zemfira Meftahətdinova əvvəl sahib olduğu formanı bərpa eləməli idi. Buna görə də o, 2014-cü il ərzində bir sıra beynəlxalq turnirlərdə çıxış etdi. Zemfira Meftahətdinova əvvəlcə 16–28 iyunda Macarıstanda baş tutan Avropa Çempionatında mübarizə apardı və 68 balla 17-ci pillədə qərarlaşdı. İlin sonlarında isə o, ISSF World Cup turnirinin mərhələlərində çıxış etdi. Zemfira Meftahətdinova turnirin Birləşmiş Ştatlar mərhələsini 19-cu, Qazaxıstan mərhələsini 16-cı, Almaniya mərhələsini 34-cü, Çin mərhələsini isə 28-ci pillədə başa vurdu.[2]

Əvvəl sahib olduğu formasından uzaq olan 52 yaşlı Zemfira Meftahətdinova 2015-ci ilin martında Daxili İşlər Nazirliyində vəzifəyə təyin edildi. Bununla da o, idmandan uzaqlaşdı.

  • Qadınların stend atıcılığı turnirləri:

Dövlət təltifləri

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Prezidenti İlham Əliyev Zemfira Meftahətdinovaya "Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adınının döş nişanını təqdim edən zaman (18.12.2017-ci il)

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı (2000).
  • Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan qadın idmançısı (2000).
  • 2 dəfə Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan qadın idmançısı (2004).
  • Atıcılıq üzrə Olimpiya Oyunlarının qalibi olan birinci və yeganə Azərbaycan idmançısı (2000).
  • Atıcılıq üzrə Dünya Çempionatının qalibi olan birinci və yeganə Azərbaycan idmançısı (1995).
  • Atıcılıq üzrə Avropa Çempionatının qalibi olan birinci və yeganə Azərbaycan idmançısı (1993).
  • Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi olan birinci Azərbaycan idmançısı (2000).
  • Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının qalibi olan birinci və yeganə Azərbaycan qadın idmançısı (2000).

İdmandan sonra

[redaktə | mənbəni redaktə et]

Zemfira Meftahətdinova 1994-cü ildən daxili işlər orqanlarında xidmət edirdi. 2015-ci il martın 12-də isə daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən Zemfira Meftahətdinova Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsinə təyin edilmişdi. 30 may 2023-cü ildə Zemfira Meftahətdinova təqaüdə göndərildi.[10][11][12]

Zemfira Meftahətdinova həm də 2021-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidentidir.

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2001-ci il yanvarın 26-da Azərmarka tərəfindən Azərbaycanın 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında medallara sahib olan üç idmançısının şərəfinə poçt markaları dövriyyəyə buraxıldı. 585 nömrəli poçt markası Zemfira Meftahətdinovaya həsr edildi.

  1. Olympedia (ing.). 2006.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 Beynəlxalq Güllə Atıcılığı Federasiyasının (ISSF) rəsmi internet səhifəsi. "Zemfira MEFTAKHETDINOVA". www.issf-sports.org (ingilis). 22.08.2022. 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 402 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Daxili İşlər Nazirliyinin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2018-ci il tarixli 262 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "İdmançılardan bir qrupunun Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Prezidenti Ayaz Mütəllibovun 31 yanvar 1991-ci il tarixli 152 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmanında xidmətləri olan şəxslərin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 noyabr 2022-ci il tarixli 3576 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmanında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2017-ci il tarixli 3506 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  10. Zemfira Meftahətdinova təqaüdə göndərildi
  11. Zemfira Meftahətdinova təqaüdə göndərildi
  12. Zemfira Meftahətdinova işdən azad edildi