Zamanın və məkanın fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər.
Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər.
Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.