is. 1. Çətin şeyin halı; çətin olma (asanlıq ziddi). Yolun çətinliyi. Məsələnin çətinliyi.
– Səba xanım adəti üzrə vəzifəsində çətinlik hiss edən adamlar kimi boynunu çiyninə qoyaraq: – Əlacım nədir. M.S.Ordubadi.
[Cahan:] Xalan sənə [Əsgərə] qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov.
□ Çətinlik çəkmək – öhdəsindən zorla gəlmək, bir şeyi yerinə yetirməkdə, görməkdə əziyyət çəkmək.
Leylək qızılın hamısını hesab etməkdə çox çətinlik çəkdi. S.Rəhimov.
Çətinliyə düşmək – bax
çətinə düşmək.
Çətinliyə salmaq – bax
çətinə salmaq.
2. Maneə, əngəl. Çətinlikdən qorxmamaq.
– Həyatın başlanğıcında daima bir çətinlik vardır. M.S.Ordubadi.
İlk çətinlik asfalt yoldan həmin kəndə sarı döndüyümüz zaman meydana çıxdı. M.Rzaquluzadə.
3. Məhrumiyyət, əziyyət, məşəqqət.
…Uşağı həyatın çətinliyinə hazırlamaq lazımdır. S.Rəhimov.
[Həsən] çətinliklərə də dözərdi. M.İbrahimov.
□ Çətinlik çəkmək – maddi ehtiyac içərisində olmaq, məhrumiyyət duymaq.
4. Çətinliklə şəklində
zərf – böyük zəhmətlə, əziyyətlə, çox çətin.
Axund çətinliklə durub başını bulaya-bulaya keçir o biri otağa. Ə.Haqverdiyev.
Teymur müəllim çox çətinliklə Fərmanı bu fikrindən vaz keçirməyə müvəffəq oldu. Ə.Sadıq.