ÖLMƏK İki il keçməmişdi [Məmmədhəsən əminir] anası öldü (C.Məmmədquluzadə); ALLAH (TANRI) RƏHMƏTİNƏ GETMƏK (evf.) Ərz eləyim qulluğuva. Elə ki bizim pıxır qarı Allah rəhmətinə getdi, gördüm ki, dolana bilmirəm (N.Vəzirov); Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi (Ə.Haqverdiyev); CANI AĞZINDAN ÇIXMAQ Səlim bəy: Toyuq yiyəsi də bir odun yarmadı böyründən, canı orada ağzından çıxdı (Ə.Haqverdiyev); CANI ÇIXMAQ (dan.) Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı (Ə.Haqverdiyev); CANINI ƏZRAYILA TAPŞIRMAQ Qılçaları qurumuş xan başının üstə polis paltosunu hiss etdikdə zəhərçak olub yerə yıxıldı və buradaca canını əzrayıla tapşırdı (Çəmənzəminli); CANINI QURBAN VERMƏK Azərbaycanlı sanitar Əhməd Heydərov adını bilmədiyi komandirin həyatını qoruyaraq öz canını qurban verdi (R.Rza); CANINI TAPŞIRMAQ Gövhərtac bihiss yıxılıb canını tapşırdı (Ə.Haqverdiyev); CANINI TƏSLİM ETMƏK ...İki dəqiqədən sonra canını təslim etdi (A.Şaiq); CƏHƏNNƏMƏ VASİL OLMAQ (vulq.) İkisi də qıl körpüsünün ortasına çatmamış uçub cəhənnəmə vasil oldu (Çəmənzəminli); DÜNYADAN GETMƏK/KÖÇMƏK Köçdü bu dünyadan sevimli Vahid; O, qəzəl mülkünün son hakimiydi (M.Rahim); ƏBƏDİ YUXUYA GETMƏK (evf.) Əbədi yuxuya getdi bir anda; Güllərin üstünə şehlər çiləndi (B.Vahabzadə); GƏBƏRMƏK (vulq., dan.) Qaravənd, Göytəpə, Eyvazxanbəyli... Xındınstan bəylərindən bir çoxu susuz çöllərdə gəbərdi (Ə.Vəliyev); GORBAGOR OLMAQ (loru söz) Padşah: Bu gün-sabah gorbagor olacaq (Anar); HƏLAK OLMAQ Mayor cəbhədə həlak olub (X.Hasilova); HƏMİŞƏLİK (ƏBƏDİ) GÖZLƏRİNİ YUMMAQ (evf.) Bu sözlə köynəyi bağrına basmış, həmişəlik gözlərini yummuşdu (Ə.Haqverdiyev); HƏYATA VİDA ETMƏK (evf.) Dursunun gəncliyinin ən azğın çağında atası Haqverdi bütün sərvətini ona buraxıb, həyata vida etdi (A.Şaiq); HƏYATINI BİTİRMƏK İsmət xanım... ölümün ağır pəncələri altında didilərək dərin bir köks çəkməsi ilə həyatım bitirdi (S.S.Axundov); KEÇİNMƏK Amma o, günahını başa düşməyib xərəkdəcə keçindi (Ç.Hüseynov); KÖÇMƏK Köçdü, heyf oldu, gözəl; Vaqif dəxi düşməz ələ (M.P.Vaqif); QIRILMAQ Süleyman Əfəndi: Hamısı qırıldı, hamısı dağıldı, öz gözümlə gördüm (Ə.Haqverdiyev); MƏHV OLMAQ Berlinin ağzındakı son döyüşlərdən birində qərargahın yanında bomba partladı, binanı uçurub yerlə yeksan etdi, üç zabit məhv oldu... (M.İbrahimov); MƏRHUM OLMAQ Sultan bəy: Mənim də arvadım budur beş ildir ki, mərhum olubdur (Ü.Hacıbəyov); ÖMRÜNÜ BAĞIŞLAMAQ Anası onun iki ay qüssəsini eləyib, axırı bir dərdə mübtəla oldu və ömrünü bağışladı (C.Məmmədquluzadə); ÖMRÜNÜ BAŞA VURMAQ (evf.) Mürvət qarı: Cavanşir isə Rusiyadan, Qafqazdan gəlib ömrünü bizim torpaqda başa vurdu (H.Abbaszadə); ÖMRÜNÜ BİTİRMƏK Şair var ki, ömrünü; Başlamamış bitirdi (Ə.Kərim); RAHATLIĞA GETMƏK (məc.) Mirzə Mahmud: Dirilməkdən ləzzət görmədim. Rahatlığa gedirəm. Mənim ölümümdə heç kəs müqəssir tutulmamalıdır (Çəmənzəminli); RƏHMƏTƏ GETMƏK Malik: Atamın adı Səid idi. Bir neçə ildir ki, rəhmətə gedib (A.Şaiq); TƏLƏF OLMAQ Ürəyimə damıb ki, oğlum tələf olmayıb (S.Rüstəm); VƏFAT ETMƏK/ELƏMƏK Altı ay xəstəxanada yatıb kişi vəfat etdi (M.İbrahimov).