Şafi
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər xilafəti – 20 yanvar 820) — Şafii məzhəbinin banisi.
Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir.
O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah — səllallahu aleyhi və alihi səlləmin — nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.