Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar
Azərbaycanda qeyri-ənənəvi yanar faydalı qazıntılar — Azərbaycanda xeyli sayda qeyri-ənənəvi yanacaq faydalı qazıntılar mövcuddur (təbii bitum, yanar şistlər, daş və qonur kömür). Bunlardan ən mühümləri böyük ehtiyata malik olan təbii bitum və yanar şistlərdir.
== Təbii bitumlar ==
Abşeron yarımadasında, Qobustanda və Aşağı Kür rayonlarında 50-dən çox təbii bitum yataqları və təzahürləri mövcuddur. Bitum yığımları müxtəlif yaşlı çöküntülərdə (Eosen-Alt Pliosen) toplanmışdır. Onlar mikroelementlərlə (Mg,Ni,Cu,Mo,Zn və s.) zəngindir. Respublikada təbii bitumun ehtiyatları 2 milyon tondan artıqdır. Təkcə Abşerondakı Qırmaki yatağında 50 milyon ton bitumlu qum-ağır neft ehtiyatı vardır. Bəzi bitum təzahürləri palçıq vulkanları (Ayrantökən, Qırlıq, Axtarma-Paşalı, Şorbulaq, Xıdırzindi və s.) ilə əlaqədardır.
Abşeron yarımadasında qədim neft yataqları ərazilərində (Balaxanı, Binəqədi, Lökbatan və s.) neft hopmuş torpaq sahələri vardır. Hesablamalara görə, təqribən 10 mədə sahəsindəki həmin torpaqlardan 63 milyon ton neft emal etmək mümkündür.