ƏZAB (ruhi üzüntü keçirmə) İztirablar, əzablar açarıdır arzunun.. (B.Vahabzadə); BİDAD Dul övrətə bidad elə, eytamə xəyanət; Xof etmə əcəldən (M.Ə.Sabir); BOYUNDURUQ (məc.) Qaçmaq bacarmayanlar hamısı orada-burada boyunduruq altında qırılırlar (Ə.Haqverdiyev); ƏZA Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür (C.Cabbarlı); ƏZAB-ƏZİYYƏT [Vəliş:] Sizin yolunuzda nə qədər əzab-əziyyət çəksəm, heyfsilənməyəcəyəm (Ə.Vəliyev); ƏZİYYƏT, ZİLLƏT Cahangir ağa: Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış (S.S.Axundov); İŞGƏNCƏ, İZTİRAB Süzdü Ağa Nazim qızı gözaltı; İztirab, işgəncə, əzab, həyəcan (Ə.Kürçaylı); MƏŞƏQQƏT Çünki, fəlakət və məşəqqətlərlə əldə etdiyi ixtisas sayəsində o, fəlakətlərə birdəfəlik vida etmiş olduğuna əmin idi (A.Şaiq); MÖHNƏT, CÖVR, CƏFA Doğrusu zillətindən, cövründən, möhnətindən; Əzabından, cəfandan, qəmindən, həsrətindən; Şikayətlər etmişəm, ey afət, günahkaram (M.Rahim); ZƏLALƏT (kl.əd.) Amma o millət ki, ümidini qılınca bağlayıb, həmişə zəlalətdə bulunubdur (N.Nərimanov); ZÜLM Bilxassə qadına qarşı olan zülmün həddi-hüdudu yox idi (Çəmənzəminli).