Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır.
Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür.
Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir.
Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.